"Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Ukraynaya çox fəal dəstəyinə görə NATO-nun baş katibi ola bilmədi".
Modern.az xəbər verir ki, bu iddianı "The Telegraph" qəzeti mənbələrə istinadən yazıb.
Nəşr qeyd edir ki, onun namizədliyi ABŞ və Fransa tərəfindən "öldürülüb".
"Müdafiə naziri bir sıra NATO dövlətlərinin sevimlisi olub, lakin alyansın faktiki lideri olan Vaşinqtonla arasında Ukraynaya görünməmiş dəstəyinə görə əhəmiyyətli gərginlik yaranıb. Onun Kiyevə hərbi dəstəyində, o cümlədən tanklar və uzaqmənzilli qanadlı raketlərlə təminatda Uolles tez-tez ABŞ-dan da irəli gedirdi”, - məqalədə deyilir.
Həmçinin iddia edilir ki, Baydenin favoriti Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen olub, lakin onun namizədliyi ilə bağlı tam konsensusa gəlmək mümkün olmayıb. Ona görə də bu yaxınlarda hazırkı baş katib Yens Stoltenberqin səlahiyyətləri daha 1 il uzadılıb.