Modern.az

Rusiya ilə Türkiyənin arasını vuran olay - Ərdoğan buna məcbur olub...

Rusiya ilə Türkiyənin arasını vuran olay - Ərdoğan buna məcbur olub...

Dünya

10 İyul 2023, 13:26

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib. O, səfər çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb. 3 saata yaxın davam edən görüşdə iki ölkə arasında münasibətlər, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət və iyulun 17-də müddəti başa çatacaq Qara dəniz taxıl sazişi kimi regional və beynəlxalq məsələlər müzakirə edilib.

 

Səfərdən sonra Zelenski Azov döyüşçülərinin Türkiyədən Ukraynaya qayıtdığını açıqlayıb. Bildirilib ki, hərbçilər 2022-ci ilin sentyabrında mübadilə nəticəsində rus əsirliyindən azad edilərək Türkiyəyə gətirilib.

 

Zelenski diqqətə çatdırıb ki, Azovun beş lideri razılaşmanın şərtlərinə əsasən, hərbi əməliyyatlar bitənə qədər Türkiyədə qalmalı olacaq. 

 

Azov döyüşçülərinin Ukraynaya qaytarılmasına sərt reaksiya verən Kreml Türkiyəni razılaşmanı pozmaqda ittiham edib. 


“Azovçuların liderlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik, bu halda şərtləri həm Ukrayna, həm də Türkiyə pozub”, - Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ankaraya etiraz edib.

 

Maraqlıdır, Zelenskinin Türkiyə səfəri fonunda Moskva ilə Ankara arasında nə baş verir?

 

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq İlqar Vəlizadə söyləyib ki, Ukrayna Prezidentinin Türkiyə ilə bağlı ümidləri və konkret planları var. 

 

“Həmçinin, Türkiyənin də Ukrayna ilə bağlı öz prioritetləri mövcuddur. Ümumiyyətlə, prioritetlərin müəyyənləşdirilməsi Vilnüs toplantısı öncəsində önəmlidir. Zelenski tək Türkiyəyə deyil, bəzi Avropa ölkələrinə də səfər edib. Əslində Ukrayna liderinin Türkiyəyə səfər etməsi, qardaş ölkənin Ukraynaya siyasi dəstəyindən xəbər verir”, - deyə politoloq söyləyib.

 

İ.Vəlizadənin fikrincə, NATO-ya üzv ölkələr Türkiyəni Rusiya ilə sıx münasibətdə olmaqda ittiham etdikləri üçün Ankara Azov döyüşçülərini Ukraynaya təhvil verməyə məcbur olub.

 

 

O fikirlərini belə əsaslandırıb: “Vaxtilə Azov döyüşçüləri ilə bağlı tərəflər belə qərara gəldi ki, onlar müharibə bitənə qədər ailə üzvləri ilə birlikdə Türkiyədə qalacaqlar. Döyüşçülərin Ukraynaya təhvil verilməsi isə ondan xəbər verir ki, sentaybrdan bəri mövcud olan vəziyyət artıq dəyişib və ona görə də Türkiyə belə bir addım atıb. Xüsusilə, NATO görüşü öncəsi belə bir addımın atılması böyük önəm daşıyır. Çünki NATO-da bəzi anti-Türkiyə mövqeyində olan dövlətlər qardaş ölkəni Rusiya ilə sıx əlaqələrdə ittiham edir. Həmçinin, Türkiyəni Ukraynaya daha çox yardım etməməkdə günahlandırırlar. Məncə, bütün bunlara görə Türkiyə Azov döyüşçülərini Ukraynaya qaytarmaqla kimin tərəfində olduğunu göstərdi. Həmin dövlətlər eyni zamanda İsveçin NATO-ya üzv olması məsələsində də Türkiyəni günahlandırırlar. Onu da qeyd edim ki, Krım məsələsində Ukrayna ilə Türkiyənin mövqeyləri üst-üstə düşür”.

 

Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenskidən sonra Rusiya Prezidenti Vladimir Putin də Türkiyəyə səfər edəcək. Kreml rəhbərinin səfəri gələn ay baş tutacaq. İlkin ehtimallara əsasən, görüşün əsas müzakirə mövzusu Ukrayna müharibəsinin dayandırılması yolları və taxıl sazişinin müddətinin uzadılması olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi