İsrailin xarici işlər naziri Eli KoHen bu gün Serbiya, İtaliya və Vatikana diplomatik səfərə gedir.
Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, Kohen ilk olaraq Belqrada səfər edəcək və bu, İsrail xarici işlər nazirinin Serbiyaya 14 ildə ilk səfəridir.
“Bu, ölkələr arasında münasibətlərdə 3 illik durğunluqdan sonra ilk siyasi səfərdir”, - XİN-in xüsusi bəyanatında deyilir.
Səfər çərçivəsində nazir Kohen Serbiyanın prezidenti, baş naziri, xarici işlər naziri və Serbiya parlamentinin sədri ilə görüşəcək. Bundan əlavə, o, on minlərlə yəhudi, serb və romanların öldürüldüyü nasist konsentrasiya düşərgəsi və "Staro Saimişte" ölüm düşərgəsinin yerində anım mərasimi keçirəcək.
Daha sonra Kohen Vatikana və Romaya səfər edəcək. Səfər zamanı onun Müqəddəs Taxt-Tacın xarici işlər naziri, İtaliyanın xarici işlər naziri və İtaliyanın baş nazirinin müavini ilə görüşləri gözlənilir. Bu, İsrail xarici işlər nazirinin son 12 ildə Vatikana ilk səfəri olacaq.