Ukrayna prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə görüşüb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə tviter səhifəsində yazıb.
"Bugünkü sammitdə üçüncü görüş və Ukrayna üçün üçüncü uğur. Biz Ukraynanın müdafiə ehtiyaclarını, Ukrayna ordusunun döyüş meydanında, xüsusən də uzaqmənzilli silahlar və gələcəkdə müasir Qərb aviasiyasının imkanlarını genişləndirmək üçün gələcək əməkdaşlığı müzakirə etdik. Baş nazirə və Böyük Britaniyaya Ukraynanın NATO-ya daxil olmasını dəstəklədiklərinə və alyansa üzvlükdən əvvəlki dövr üçün Ukraynaya effektiv təhlükəsizlik təminatlarının verilməsində iştirak etdiklərinə görə minnətdaram.
Mən Böyük Britaniyaya bu yaxınlarda Londonda Ukraynanın Bərpası Konfransının uğurla keçirilməsinə və ölkəmizə uzunmüddətli maliyyə dəstəyi, xüsusən də Ukraynanın yenidən qurulması üçün dondurulmuş aktivlərin ayrılması ilə bağlı qəbul edilmiş qərarlara görə xüsusilə minnətdaram", - Zelenski qeyd edib.