ABŞ hazırda İranla nüvə sazişi ilə bağlı danışıqlar aparmır.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə əlaqələndiricisi Con Kirbi bildirib.
“Əgər İran nüvə sahəsində gərginliyi azaltmaq üçün addımlar atmağa başlarsa, bu, region və Amerikanın milli maraqları üçün xeyirli olacaq. Hazırda İranla nüvə sazişinə qayıtmaq bizim əsas diqqətimizi çəkmir”, - Con Kirbi deyib.
Onun sözlərinə görə, Vaşinqton Tehranla əlaqə saxlayır, lakin təmaslar ABŞ-ın İranda saxlanılan amerikalıları geri qaytarmaq cəhdləri ilə bağlıdır.
Qeyd edək ki, 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranla nüvə böhranın aradan qaldırılmasına yönəlmiş Birgə Hərtərəfli Fəaliyyət Planı imzalayıblar. ABŞ-ın sabiq prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib.