Modern.az

Krım körpüsündə partlayışı kim törədib?

Krım körpüsündə partlayışı kim törədib?

17 İyul 2023, 10:30

Krım körpüsünə hücum Ukrayna Hərbi Dəniz Qüvvələri (HDQ) və Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən həyata keçirilib.

 

Modern.az xəbər verir ki, bu barədə BBC-yə UTX-dəki mənbələr bildirib.

 

“Körpüyə suüstü dronlarla hücum edilib. Körpüyə çatmaq çətin olsa da, sonda bunu etmək mümkün olub”, - mənbə deyib. Hücumun başqa təfərrüatları açıqlamayıb.

 

Rusiya hüquq-mühafizə orqanlarına yaxın "Mash" teleqram kanalı iddia edir ki, Krım körpüsü modernləşdirilmiş suüstü dronlar tərəfindən hücuma məruz qalıb. İddiaya görə, hücumda istifadə edilən qurğunun qalıqları tapılıb.

 

Rəsmi olaraq nə Ukrayna hakimiyyəti, nə də hərbçilər Krım körpüsünə dəyən ziyana görə məsuliyyəti öz üzərinə götürüb.

 

Ukrayna Kəşfiyyat İdarəsi də Krım körpüsündə baş verən hadisəyə münasibət bildirib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov bildirib ki, Krım körpüsü “orada lazımsız strukturdur”.

 

Bundan əvvəl Ukrayna ordusunun "Cənub" qrupunun sözçüsü Natalya Qumenyuk deyib ki, Krım körpüsündə baş verən partlayışlarla bağlı məlumat Rusiyanın təxribatı ola bilər.

 

Xatırladaq ki, Rusiyanın Krasnodar vilayətini ilhaq edilmiş yarımada ilə birləşdirən Krım körpüsündə partlayış baş verib. Nəticədə 2 nəfər ölüb, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb. Rusiya hakimiyyətinin məlumatına görə, Krım körpüsünün 145-ci dayağında “fövqəladə vəziyyət” baş verib. Hadisənin səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb. Partlayış nəticəsində Belqorod vilayətindən olan ər-arvad həlak olub, onların 14 yaşlı qızı ağır yaralanıb və xəstəxanaya yerləşdirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir