Nigerdə hakimiyyəti ələ keçirən qiyamçılar qonşu dövlətlər hərbi müdaxilə edəcəyi təqdirdə devrilmiş prezident Mohamed Bazumu öldürəcəklərini bildiriblər.
Modern.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, xəbərdarlıq üsyançıların avqustun 7-də ABŞ Dövlət Katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə danışıqları zamanı edilib. Danışıqlarda qiyamçılar tərəfdən Niger Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Musa Salau Barmu və onun üç köməkçisi iştirak edib.
Qeyd edək ki, qiyamçılar ötən ayın sonunda Nigerdə hakimiyyəti ələ alıb. Prezident Mohamed Bazum öz iqamətgahında həbsdə saxlanılır. Nigerin də daxil olduğu Qərbi Afrika Ölkələrinin İqtisadi Birliyi (ECOWAS) və bir çox Qərb ölkələri qiyamçılar prezidenti azad etməyə və hakimiyyəti mülki şəxslərə qaytarmağa çağırıb. ECOWAS hərbi müdaxilə variantını istisna etməyib.