Rusiya Ukraynanın qərbində yerləşən Lutsk şəhərinə zərbələr endirib.
Modern.az BBC-yə istinadən xəbər verir ki, Rusiya raketlərindən biri İsveçin podşipnik (yastıq) istehsal edən SKF şirkətinin fabrikinə düşüb.
Hadisə nəticəsində 3 nəfər ölüb.
Şirkətin sözçüsü Karl Byornstam məlumatı təsdiq edib.
"Dünən gecə Ukraynanın Lutsk şəhəri hücuma məruz qalıb və bu hücum nəticəsində fabrikimizə ziyan dəyib. Böyük təəssüf hissi ilə üç həmkarımızın öldüyünü təsdiq edirik", - o deyib.
Şirkət hücumun nəticələrini və zavoda dəyən ziyanı araşdırdığını və diqqətin işçilərə və onların təhlükəsizliyinə yönəldiyini bildirib.
Qeyd edək ki, SKF dünyanın ən böyük sənaye podşipnikləri istehsalçısıdır. Ukraynadakı şirkətdə 1100-ə yaxın işçi çalışır.