Qırğızıstan Prezidenti Sadır Japarov Qırğızıstan və Özbəkistan arasında ikitərəfli əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın onuncu iclasında iştirak etmək üçün Bişkekə səfər etmiş Özbəkistanın baş naziri Abdulla Aripovu qəbul edib.
Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
Qırğızıstan və Özbəkistan arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi və dərinləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Sadır Japarov qeyd edib ki, Qırğızıstan-Özbəkistan münasibətlərində ikitərəfli əməkdaşlığın demək olar ki, bütün sahələrində misli görünməmiş müsbət dəyişikliklər baş verib.
O, son illər ölkələr arasında qarşılıqlı ticarətdə müşahidə olunan mütərəqqi artıma diqqət çəkib, müzakirə olunan məsələlərin və əldə olunmuş razılaşmaların iki ölkənin hökumətləri səviyyəsində tam şəkildə həyata keçiriləcəyinə əminliyini bildirib.
Öz növbəsində, Özbəkistanın baş naziri Abdulla Aripov prezident Şavkat Mirziyoyevin Qırğızıstana dövlət səfəri zamanı qəbul edilən tarixi qərarlara diqqət çəkib. Xüsusilə, Qırğızıstan-Özbəkistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin başa çatdırılması vurğulanıb.
Görüş zamanı tərəflər iki xalqın rifahına və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə yönəlmiş birgə plan və layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetiriblər.