Modern.az

Makron müşavirini Türkiyəyə səfir göndərir - Qarabağ...

Makron müşavirini Türkiyəyə səfir göndərir - Qarabağ...

Dünya

21 Avqust 2023, 09:55

Fransa prezidenti Emmanuel Makronun Türkiyəyə təyin etdiyi yeni səfir İzabel Dümon bu həftə Ankarada vəzifəsinə başlayacaq.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, Dümon son 3 ildə Makronun Avropa və Türkiyə ilə əlaqələr üzrə məsul müşaviri vəzifəsində çalışıb.

 

Qeyd olunub ki, bu kritik dövrdə Fransa prezidenti Makron 2020-ci ildən Yelisey Sarayında müşaviri olan Dümonu Ankarada səlahiyyət müddəti başa çatan Herve Maqronun yerinə mayda təyin edib. Səfir bu həftə Ankaraya gedəcək və etimadnaməni prezident Ərdoğana təqdim etdikdən sonra rəsmi vəzifəsinin icrasına başlayacaq.

 

Dümon Türkiyəyə yad diplomat deyil. 2011-2013-cü illərdə Ankaradkı səfirlikdə çalışan diplomat türkcəni yaxşı bilir. Fransa XİN-in parlaq diplomatlarından biri kimi tanınan Dümon 500 illik Türkiyə-Fransa diplomatik münasibətləri tarixinə bir tərəfin digərinə təyin etdiyi ilk qadın səfir kimi düşüb.

 

Bir müddət Fransa Xarici İşlər Nazirliyində Rusiya və Şərqi Avropa üzrə departamentin direktor müavini vəzifəsində çalışan xanım diplomat 2015-ci ildə Ukraynaya, 2019-cu ildə isə Kiprə səfir göndərilib.

 

Bildirilib ki, Türkiyə ilə gərginliyin idarə olunmasında və iki prezident arasında videokonfranslar və beynəlxalq səviyyəli görüşlər çərçivəsində üzbəüz görüşlərin həyata keçirilməsində mühüm rol oynadığı bilinən Dümon Makronun müşaviri olduğu dövrdə də Ankaradakı həmkarları ilə görüşlər keçirib.

 

 

Dümon ötən ilin oktyabr ayında Ermənistana səfər edib və baş nazir Paşinyanla görüşüb. Görüşdə Ermənistan-Azərbaycan sülh müqaviləsi, Qarabağ məsələsi müzakirə olunub.

 

Nəşr xatırladıb ki, Fransa ilə eyni dövrdə Türkiyə də Parisdəki elçisini dəyişib. Prezident Ərdoğanın imzası ilə dərc edilən fərmana əsasən, Türkiyənin Slovakiyadakı səfiri vəzifəsini icra edən Yunus Demirer 2021-ci ildən Parisdəki səfir olan Ali Onaneri əvəzləyib.

 

O da vurğulanıb ki, Fransa ilə Türkiyə arasında fikir ayrılıqlarının intensiv olduğu mövzular Qarabağ, Suriya və Liviya məsələləridir. Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı son gərginlikdə Türkiyə tamamilə Bakının tərəfini tutsa da, Fransa fərqli davranıb: "Paris Bakı ilə İrəvan arasında hərtərəfli sülh müqaviləsinə nail olmaq üçün Türkiyənin Azərbaycan üzərindəki nüfuzundan istifadə etməsini istəyir".

 

Liderlərin qarşılıqlı olaraq səfərlərinə gəlincə, Makronun Türkiyəyə yeganə səfəri 2018-ci ildə Suriya ilə bağlı görüşdə iştirakı ilə bağlı olub. İki tərəf arasında prezident səviyyəsində sonuncu səfər həmin il prezident Ərdoğan tərəfindən Parisə edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir