Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamovun və Özbəkistan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatulla Erqaşevin başçılıq etdiyi nümayəndə heyəti Əfqanıstanda səfərdə olub.
Modern.az xəbər verir ki, bu barədə "Kun.uz" məlumat yayıb.
Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri vəzifəsini icra edən Molla Həmidullo Ohunzoda ilə Özbəkistan-Əfqanıstan-Pakistan magistral yoluna baş çəkilib. Özbəkistan-Əfqanıstan-Pakistan avtomobil marşrutu, Kabil şəhərini Əfqanıstanın şimalı ilə birləşdirən Salanq aşırımı (Məzari-Şərif), həmçinin Əfqanıstan və Pakistan arasında Torxam sərhəd-keçid məntəqəsində vəziyyət öyrənilib.
İkitərəfli danışıqlarda Əfqanıstan və Pakistan vasitəsilə Hind okeanı limanlarına çıxış üçün beynəlxalq nəqliyyat dəhlizinin formalaşdırılması, iki dövlətin nəqliyyat logistika müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, beynəlxalq avtomobil daşıyıcıları üçün əlverişli şəraitin yaradılması, tranzitə qoyulan məhdudiyyətlərin aradan qaldırılması məsələləri müzakirə olunub. Əfqanıstan və digər istiqamətlərə yük daşımaları müzakirə edilib.
Görüşün yekunları üzrə tərəflər iki ölkə arasında tranzit yükdaşımaların inkişafı üçün bütün imkanları səfərbər etmək barədə razılığa gəliblər.