ABŞ-da ifrat sağçı "Proud Boys" qrupunun lideri Enrike Tarrio 2021-ci ilin yanvarında Kapitoliyə hücumla bağlı 22 il həbs cəzasına məhkum edilib.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bu, ABŞ parlamentinin binasının ələ keçirilməsi ilə bağlı ən uzun müddətə həbs cəzasıdır. 39 yaşlı Tarrio ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinin Konqres üzvləri tərəfindən təsdiqlənməsinə mane olmaq üçün sui-qəsd təşkil etməkdə təqsirli bilinib. Prokurorluq onun 33 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hakim hökm çıxararkən Tarrionu iğtişaşların "əsas lideri və təşkilatçısı" adlandırıb. Məlumata görə, Tarrio hadisələr zamanı Vaşinqtonda olmayıb, lakin müstəntiqlərin fikrincə, "Proud Boys"un hərəkətlərini idarə edib.
Məhkəmədə çıxış edən Tarrio polisdən və Vaşinqton sakinlərindən üzr istəyib: "Onların kədər və əzab çəkmələrinə görə çox utanıram. Ömrümün sonuna qədər bu rüsvayçılıqla yaşamalı olacağam”.
Vəkili hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.