Modern.az

İrəvanda seçki - Paşinyan üçün ağır sınaq

İrəvanda seçki - Paşinyan üçün ağır sınaq

Dünya

17 Sentyabr 2023, 11:25

Bu gün İrəvanda bələdiyyə seçkiləri keçirilir.

 

Modern.az xəbər verir ki, 800,000-dən çox seçici merlə yanaşı İrəvan şəhər şurasının 65 üzvünü də seçəcək.

 

Seçkilərdə 13 siyasi partiya və bir seçki bloku namizədlərini irəli sürüb.

 

Ermənistanın ən böyük müxalif qüvvələri - Respublikaçılar Partiyası və Erməni İnqilabi Federasiyası (Daşnaksütun) seçkilərdə iştirak etməkdən imtina edib. Sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası Qarabağda vəziyyətə görə yerli seçkilərə diqqət ayırmağın vaxtı olmadığını bildirib, daşnaklar isə müxalifətin vahid namizədlə razılaşa bilməməsindən sonra iştirak etməmək qərarına gəlib.

 

Müşahidəçilər deyir ki, ənənəvi siyasi qüvvələr seçkidə iştirak etmədiyinə görə yeni qüvvələr Ermənistan siyasətində yer almaq şansı əldə ediblər.

 

Hakim partiyanın merliyə namizədi 2022-ci ildən mer müavini olan Tiqran Avinyandır. O, mart ayında İrəvan meri Hraça Sarkisyanın istefasından sonra onun səlahiyyətlərini icra edib və bununla da şəhərdə diqqət mərkəzində olub.

 

Avinyanın əsas rəqibi komediya ustası və keçmiş mer Hayk Marutyandır. Marutyan Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra onun dəstəyi ilə 2018-ci ilin sentyabrında mer seçilib. Ermənistanın İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramasından sonra Paşinyanın partiyasını tərk edib. Bundan sonra Paşinyanın komandası ona qarşı ağır ittihamlar səsləndirib, onu vəsaitlərin mənimsənilməsi və qanunsuz tikinti icazələrinin verilməsində günahlandırıb.

 

O, vəzifəsini tərk etdikdən sonra komediya sahısinə qayıdıb və hakimiyyətdəki təcrübəsi və hakim komanda ilə problemləri haqqında "Bələdiyyə meri" adlı komediya proqramı ilə çıxış edib. Proqramlarda hakimiyyəti tənqid etməklə reytinq toplamağa çalışıb. Marutyan Paşinyanın partiyasından ayrıldıqdan sonra onu dəstəkləyən bir neçə indiki və keçmiş şəhər şurası üzvlərinin daxil olduğu kiçik Milli Tərəqqi partiyasının üzvü olub.

 

Ekspertlər deyir ki, Marutyan keçmiş korrupsioner hakimiyyət nümayəndələri ilə əlaqəli olmadığına görə şansı yüksəkdir və favorit namizədlərdən biridir. Müşahidəçilərin sözlərinə görə, hakim partiya Marutyana qarşı sosial mediada kampaniyaya apardığına görə onu real təhlükə kimi görür.

 

Seçkilərdə digər favorit namizəd "Aprelou Yerkir" adlı partiyanın üzvü sabiq sosial məsələlər naziri Mane Tandilyandır. Partiyanı rus əsilli erməni milyarder Ruben Vardanyan dəstəkləyir. Tandilyan deyir ki, İrəvanda müxalifətin qələbəsi son nəticədə milli səviyyədə hakimiyyət dəyişikliyi ilə nəticələnəcək hərəkata təkan verə bilər.

 

Seçkilərdə iştirak edən kiçik partiyalar arasında hakim elita ilə dost olan bir neçə partiya var. Parlaq Ermənistana ölkənin xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan, Respublika partiyasının siyahısına isə keçmiş ədliyyə naziri Artak Zeynalyan başçılıq edir.

 

Müşahidəçilər deyir ki, sosial-iqtisadi vəziyyətin pisləşdiyi və Azərbaycan-ermənistan münasibətlərinin kəskinləşdiyi bir vaxtda keçirilən seçkilər Paşinyan üçün ağır sınaqdır. O, paytaxt meri seçkilərində məğlub olarsa, növbəti parlament seçkilərində də məğlubiyyət şansı yüksək olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı