Modern.az

Qəzzada döyüşlər genişlənir - 400-dən çox hədəf məhv edildi

Qəzzada döyüşlər genişlənir - 400-dən çox hədəf məhv edildi

Dünya

4 Dekabr 2023, 09:18

İsrail ordusu Qəzza zolağının bütün istiqamətləri boyunca quru əməliyyatlarını davam etdirir.

 

Modern.az xarici mətbuata və yerli rəsmilərə istinadən bölgədəki ən son vəziyyəti təqdim edir.

 

Döyüş cəbhəsi genişlənir

 

HƏMAS qruplaşmasının yaydığı məlumata görə, təşkilatın döyüşçüləri cənubdakı Xan Yunis şəhərindən təxminən 2 km aralıda İsrail əsgərləri ilə toqquşub. Yerli sakinlər də mətbuata İsrail tanklarının atəş səslərini eşitdiklərini bildirirlər. İsrail ordusu insanları şəhərin daxilində və yaxınlığındakı əraziləri tərk etməyə çağırmışdı.

 

Təl-Əvivdə jurnalistlərə açıqlama verən kontr-admiral Daniel Haqari deyib ki, İsrail ordusu HƏMAS-ın Qəzza zolağındakı bütün mərkəzlərinə qarşı quru əməliyyatını genişləndirməyə davam edir. “Qüvvələr terrorçularla üz-üzə gələrək onları öldürür”, - o vurğulayıb.

 

Bazar ertəsi səhər tezdən HƏMAS mediasının yaydığı məlumatda bildirilir ki, İsrailin hücumu nəticəsində anklavın şimalındakı Qəzza şəhərində üç fövqəladə hal işçisi həlak olub.

 

Qırmızı dənizdə Qərb gəmiləri üçün təhlükə 

 

Bazar günü Qırmızı dənizdə Qərb ölkələrinə məxsus gəmilərə hücum edilib. Gəmilərin təhlükə altına düşməsi münaqişənin yayılması qorxusunu artırıb.

 

ABŞ Müdafiə Nazirliyi Qırmızı dənizdə üç ticarət gəmisinin Yəməndəki İran tərəfindən dəstəklənən husi qiyamçıları tərəfindən hücuma məruz qaldığını açıqlayıb. Məlumata görə, bölgədə fəaliyyət göstərən ABŞ esminesi qiyamçılara məxsus üç pilotsuz uçuş aparatını vurub. Husilər həmin bölgədə İsrail gəmilərinə hücum etdiyini bildiriblər, lakin İsrail ordusunun sözçüsü sözügedən gəmilərin İsraillə heç bir əlaqəsi olmadığını deyib.

 

Qaçqın düşərgəsinə hücum

 

HƏMAS-ın idarə etdiyi Qəzzanın şimalında yerləşən Cəbəliya qaçqın düşərgəsi havadan zərbə endirilən ərazilər arasındadır. Qəzza Səhiyyə Nazirliyinin sözçüsü İsrailin hava hücumu nəticəsində bir neçə nəfərin öldüyünü bildirib.

 

Sakinlərin dediyinə görə, döyüş təyyarələri və artilleriya Xan Yunis və Qəzzanın cənubundakı Rəfaha zərbələr endirir.

 

İsrail hökumətinin sözçüsü Eylon Levi bildirib ki, hərbçilər həftə sonu 400-dən çox hədəfə zərbələr endirib. O, İsrailin Xan Yunis bölgəsinə də havadan hücum edildiyini təsdiqləyib. Levinin sözlərinə görə, hücumlar zamanı HƏMAS yaraqlıları öldürülüb və onların Beyt Lahiyadakı infrastrukturu məhv edilib.

 

İsrail və HƏMAS arasında 7 günlük atəşkəsdən sonra ağır döyüşlər yenidən başlayıb. Atəşkəs zamanı əksəriyyəti israilli olan 105 girov və 240 fələstinli məhbus azad edilib.

 

İsrailin ən yaxın müttəfiqi olan ABŞ, eləcə də digər ölkələr atəşkəs müddətinin uzadılması barədə çağırışlar etsə də, nəticəsiz qalıb. Hər iki tərəf atəşkəsin pozulmasına görə bir-birini ittiham edib.

 

ABŞ-nin vitse-prezidenti Kamala Harris bazar günü həm İsrail prezidenti İshaq Hersoq, həm də Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbasla telefon danışığında İsrailin özünümüdafiə haqqını və ABŞ-ın Fələstin xalqına öz müqəddəratını təyinetmə hüququ verən iki dövlətli həll yolunu dəstəklədiyini təkrarlayıb.

 

Toqquşma nəticəsində İsrail tərəfində 1200 nəfər, Qəzzada 15 mindən çox insan həlak olub. İsrail deyir ki, HƏMAS 136 nəfəri girov saxlamağa davam edir. İsrail HƏMAS-ı məhv edəcəyinə söz verib. İranın dəstəklədiyi qrup isə İsraili məhv etməyə and içib.

 

Modern Təhlil və Araşdırma Qrupu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi