Məlum olduğu kimi, Türkiyədə 31 mart 2024-cü il tarixində bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub.
Modern.az TRT-yə istinadən xəbər verir ki, Türkiyənin Ali Seçki Komissiyası yerli seçkilərdəki seçki qutuları ilə bağlı qərar verib.
"Resmi Gazete"də dərc olunan məlumata görə, bələdiyyə seçkilərində 1 seçki qutusunda 350 seçici səs verəcək.
31 Mart Yerli Seçkilər üçün seçki təqviminin başlanğıc günü 2024-cü il yanvarın 1-i bazar ertəsi olacaq.
Yanvarın 2-də seçkilərdə iştirak etmək hüququ olan siyasi partiyalar açıqlanacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların seçki bülletenindəki yeri müəyyənləşəcək.
Fevralın 7-də seçici siyahıları dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.
Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si saat 17.00-dək təqdim edəcəklər. Yekun namizəd siyahıları vilayət (il) və rayon (ilçe) seçki komissiyaları tərəfindən 3 martda elan ediləcək. Martın 21-də təbliğat-təşviqat başlayacaq.