Türkiyə Böyük Millət Məclisinin (TBMM) parlament fraksiyalarından biri buraxıla bilər.
Modern.az xəbər verir ki, söhbət Səadət və Gələcək Partiyalarının qurduğu birgə fraksiyadan gedir.
Belə ki, xəbər verdiyimiz kimi, dekabrın 12-də Türkiyə parlamentinin Kocaeli vilayətindən seçilmiş Səadət Partiyasını təmsil edən, TBMM-in tribunasında çıxış edərkən qəfil özündən gedən deputatı Hasan Bitmez bu gün xəstəxanada vəfat edib.
Bununla Səadət-Gələcək fraksiyasında təmsil olunan parlamentarilərin sayı 19-a enib. Türkiyə qanunvericiliyinə görə, parlament fraksiyası minimum 20 deputatdan təşkil oluna bilər. Belə olan təqdirdə, fraksiya ya digər partiyalardan hər hansı bir deputatı cəlb etməli, ya da fəaliyyətinə son verməlidir.
Qeyd edək ki, Türkiyədə 14 mayda keçirilmiş son parlament seçkilərində Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası və Ahmet Davutoğlunun rəhbəri olduğu Gələcək Partiyası müxalifətin Millət İttifaqı çərçivəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahıları ilə iştirak etmişdilər.
Nəticədə hər iki partiya parlamentdə 10 mandat qazanmışdı və qüvvələrini birləşdirərək fraksiya yaratmaq üçün minimal həddi - 20 deputat sayını əldə etmişdilər. CHP-nin proporsional siyahısından bundan başqa, Ali Babacanın sədrlik etdiyi DEVA Partiyasından 15, Gültekin Uysalın rəhbəri olduğu Demokrat Partiyadan isə 3 deputat TBMM-ə düşə bilib. Millət İttifaqına daxil olmuş digər siyasi təşkilat - İYİ Partiya isə parlament seçkilərində müstəqil proporsional siyahılarla iştirak edib.
Seçkilərdən sonra Səadət Partiyası və Gələcək Partiyası birgə fraksiya formalaşdırmaq üçün DEVA Partiyasına da müraciət etsə də, cavab mənfi olmuşdu. Hazırkı situasiyada fraksiyanın mövcudluğunu qoruyub-qorumayacağı sual altındadır.
Modern Təhlil və Araşdırma Qrupu