"Avropa İttifaqında ən azı 215 milyon doza COVID-19 peyvəndi istifadə olunmayıb. Onların alınmasına 4 milyard avro xərclənib".
Modern.az xəbər verir ki, bu barədə "Politico" yazıb.
Nəşr vurğulayıb ki, bu təxmini rəqəmdir, çünki Aİ-nin yalnız 15 ölkəsi istifadə olunmamış vaksinlər haqqında məlumat verib. Aİ-nin daha 4 üzv ölkəsi üçün açıq mənbələrdə lazımi məlumatlar tapılıb.
Qeyd olunub ki, çox güman, artıq ya məhv edilmiş, ya da yaxın vaxtlarda utilizasiya olunacaq vaksinlərin istifadə olunmamış dozaları daha çoxdur. Bundan əlavə, vaksinlərin alış qiymətləri açıqlanmayıb.
"Politico"nun hesablamalarına görə, Aİ ölkələri üzrə hər sakinə görə 0.7 vaksin dozası itirilib (Estoniya üçün bu rəqəm 1.1, İrlandiya üçün - 0.16).
Bildirilib ki, istehsalçılar tərəfindən artıq tədarük edilən və müştərilər tərəfindən istifadə olunan vaksinlərin bəziləri koronavirusun yeni variantlarına qarşı az təsirli olub.
Nəşr xatırladıb ki, ən böyük koronavirus peyvəndi istehsalçılarından biri olan "Pfizer" ilə Aİ ölkələri tərəfindən 2027-ci ilə qədər müqavilə bağlanıb. "Pfizer" artıq peyvənd almaqdan imtina edən Polşa və Macarıstanı məhkəməyə verib.