Modern.az

Türkiyə parlamentinin ləğv olunan fraksiyası yenidən yaradıldı - MÜVƏQQƏTİ

Türkiyə parlamentinin ləğv olunan fraksiyası yenidən yaradıldı - MÜVƏQQƏTİ

Dünya

19 Dekabr 2023, 11:22

Türkiyə parlamentinin bir müddət əvvəl ləğv olunan fraksiyası yenidən formalaşdırılıb.

 

Belə ki, bir neçə gün öncə Türkiyə Böyük Millət Məclisinin (TBMM) tribunasında çıxış edərkən qəfil halı pisləşən və özündən gedən Səadat Partiyasının Kocaelidən seçilmiş deputatı Hasan Bitmezin xəstəxanada dünyasını dəyişməsi ilə Səadət və Gələcək Partiyasının birgə yaratdığı fraksiya ləğv olunmuşdu.

 

Buna səbəb fraksiya formalaşdırmaq üçün minimal hədd olan 20 deputatın üzvlüyünün ortadan qalxması idi. Cəmi 20 deputatı olan fraksiyanın üzvü olan deputatlardan biri dünyasını dəyişdiyi üçün üzv sayı 19-a enmişdi.

 

Modern.az-ın məlumatına görə, fraksiya yenidən yaradılıb.

 

Belə ki, fraksiya fəaliyyətinə son verdikdən sonra Cümhuriyyət Xalq Partiyasının (CHP) Kütahyanı təmsil edən deputatı Ali Fazıl Kasap Səadət Partiyasına üzv olub. Bu, CHP və Səadət rəhbərliyi arasındakı razılaşma ilə mümkün olub. Bununla minimal hədd olan 20 deputat sayı yenidən təmin olunub.

 

Səadət Partiyasının sədri Temel Karamollaoğlu buna görə CHP sədri Özgür Özelə təşəkkür edib: "Fraksiyamızın davamı üçün böyük bir qədirbilənlik göstərən CHP sədri cənab Özgür Özelə, CHP rəhbərliyinə və kadrlarına təşəkkür edirəm".

 

Lakin razılaşmaya əsasən, Kasapın Səadət Partiyasına keçməsi müvəqqəti xarakter daşıyır. Parlamentdə büdcə müzakirələri davam etdiyi müddətcə deputat fraksiyanın mövcudluğunu qorumaq üçün Səadət Partiyasında qalacaq, sonradan öz partiyası olan CHP-yə geri dönəcək.

 

 

Büdcə müzakirələrindən sonra fraksiyanın aqibətinin necə olacağı bəlli deyil. İstisna edilmir ki, yeni siyasi formullar tapılaraq 20 deputat üzvlüyünün təmin edilməsinə çalışılacaq. Əgər belə olmasa, fraksiya yenidən ləğv olunacaq.

 

Qeyd edək ki, Türkiyədə 14 mayda keçirilmiş son parlament seçkilərində Temel Karamollaoğlunun sədrlik etdiyi Səadət Partiyası və Ahmet Davutoğlunun rəhbəri olduğu Gələcək Partiyası müxalifətin Millət İttifaqı çərçivəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) proporsional siyahıları ilə iştirak etmişdilər.

 

Nəticədə hər iki partiya parlamentdə 10 mandat qazanmışdı və qüvvələrini birləşdirərək fraksiya yaratmaq üçün minimal həddi - 20 deputat sayını əldə etmişdilər. CHP-nin proporsional siyahısından bundan başqa, Ali Babacanın sədrlik etdiyi DEVA Partiyasından 15, Gültekin Uysalın rəhbəri olduğu Demokrat Partiyadan isə 3 deputat TBMM-ə düşə bilib. Millət İttifaqına daxil olmuş digər siyasi təşkilat - İYİ Partiya isə parlament seçkilərində müstəqil proporsional siyahılarla iştirak edib.

Bu xəbər ilə bağlı
Türkiyə parlamentindəki müxalifət fraksiyası ləğv olundu
Xəbəri oxu

 

Seçkilərdən sonra Səadət Partiyası və Gələcək Partiyası birgə fraksiya formalaşdırmaq üçün DEVA Partiyasına da müraciət etsə də, cavab mənfi olmuşdu.

 

Xatırladaq ki, Modern.az-ın Təhlil və Araşdırma Qrupu deputatın vəfatından sonra fraksiyanın taleyi ilə bağlı material hazırlamışdı. Materialı buradan oxumaq mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza