Özbəkistan prezidenti Şavkat Mirziyoyev respublikada majoritar seçki sistemindən majoritar-proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya qanununu imzalayıb.
Modern.az Özbəkistan mətbuatına istinadən xəbər verir ki, qanuna əsasən, seçkilər qarışıq (majoritar-proporsional) seçki sistemi əsasında keçiriləcək.
Birmandatlı və tək seçki dairələri nəzərdə tutulur. Aşağı palatanın 75 deputatı majoritar seçki sistemi ilə birmandatlı dairələrdən, qalan 75 deputat isə siyasi partiyalara verilən səslər əsasında vahid dairədən seçiləcək.
Özbəkistan indiyədək majoritar seçki sistemindən istifadə edib. Bu sistemlə öz dairəsində səs çoxluğunu qazanmış namizədlər seçilmiş hesab olunurdu.
Özbəkistanın Qanunvericilik Palatası 150 deputatdan ibarətdir. Hazırda ölkədə beş siyasi partiya fəaliyyət göstərir.