"Əsasən müxalifət partiyaları ilə, amma ola bilsin ki, hardasa iqtidar bizim qəbul etdiyimiz yaxşı namizəd irəli sürür, bu, şəhərin xeyrinədir, biz də onu dəstəkləyəcəyik".
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu müxalif Gələcək Partiyasının sədri, sabiq baş nazir və XİN başçısı Ahmet Davutoğlu 31 mart 2024-cü ildə keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə bağlı deyib.
"Prinsipcə, iqtidardan, müxalifətdən asılı olmayaraq, bütün tərəflərlə danışmağa hazırıq. Bəzi yerlərdə MHP və ya AKP bizim namizədimizi dəstəkləmək istəyərsə, niyə belə etdiklərini soruşmarıq. Yaxud bəzi yerlərdə o qədər yaxşı, vicdanlı, bacarıqlı bir namizəd irəli sürərlər ki, danışıqlar yolu ilə iqtidarın namizədini dəstəkləyə bilərik. Önəmli olan odur ki, şəhərlərimizi ən vicdanlı və bacarıqlı insanlar idarə etsin", - siyasətçi bildirib.
Qeyd edək ki, Ahmet Davutoğlu 2014-2016-cı illərdə həm də hakim Ədalət və İnkişaf Partiyasının sədri olub.