Türkiyə Cümhuriyyətinin qurucularından biri, ölkənin 2-ci prezidenti, Mustafa Kamal Atatürkün dostu və silahdaşı, hərbi və siyasi xadim İsmet İnönünün vəfatından 50 il ötür.
Modern.az xatırladır ki, İnönü 25 dekabr 1973-cü ildə dünyasını dəyişib.
24 sentyabr 1884-cü ildə İzmirdə anadan olan hərbçinin atası Malatyada məskunlaşan, əslən Bitlisin Kürüm nəslindən olan Rəşid bəy, anası isə müasir Bolqarıstanın Dəliorman bölgəsindən olan türklərdən Cevriyyə xanım olub.
1906-cı ildə hərbi təhsilini başa vuran İnönü Ədirnədə xidmətə başlayıb. Osmanlı dönəmində bir müddət İttihad və Tərəqqi Partiyasının üzvü olan gələcək Türkiyə prezidenti Yəməndə xidmətini davam etdirib, o cümlədən Balkan müharibələrində də iştirak edib.
Birinci Dünya müharibəsində Trakiyada, Şərq və Suriya cəbhələrində fəaliyyət göstərib. Bu dövrdə Mustafa Kamal paşa ilə tanış olan İsmet İnönü onunla dostlaşmağa başlayıb. 1916-cı ildə Mevhibə xanımla ailə həyatı quran hərbçi Türk Qurtuluş Savaşında əvəzolunmaz xidmətlər göstərib. Qərb cəbhəsi komandanı kimi İnönü müharibələrində qələbə çalan hərbçi məhz bu zəfərin şərəfinə İnönü soyadını əldə edib.
Mudanya müqaviləsinin imzalanmasında danışıqların iştirakçısı olan İsmet İnönü Ankara TBMM hökumətində xarici işlər naziri vəzifəsini tutduqdan sonra Lozanna sülh müqaviləsini də Türkiyə tərəfdən imzalayan şəxs kimi tarixə düşüb. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra baş nazir olan İnönü Atatürkün vəfatından sonra 1938-ci ildə prezident seçilib.
İkinci Dünya müharibəsi illərində yürütdüyü neytrallıq siyasəti ilə Türkiyəni savaşdan qoruyan İnönü ölkədə çoxpartiyalı demokratik siyasi sistemə keçidin də müəllifidir. 1950-ci ildə Demokrat Partiyanın seçkiləri qazanmasından sonra Cümhuriyyət Xalq Partiyasının sədri kimi müxalifətə keçən siyasətçi 1960-cı illərdə yenidən baş nazir kürsüsünü tutdu.
1972-ci ilədək CHP-yə sədrlik edən siyasətçi bu postdan istefa verdikdən 1 il sonra həyata gözlərini yumdu. O, 1973-cü ildə dünyasını dəyişdi və Atatürkün də uyuduğu Anıtqəbirə dəfn olundu.