"Krım Putinin Axilles dabanına çevrilib".
Modern.az xəbər verir ki, bunu Almaniyanın "Bild" nəşrinin analitiki Yulian Röpke “Novoçerkassk” böyük desant gəmisində baş verən partlayışı şərh edərkən qeyd edib.
Onun sözlərinə görə, gəmi çox güman ki, 2 “Storm Shadow” raketi ilə vurulub. Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Krımdan havaya qalxan Rusiyanın 4-ə qədər Su-34 təyyarəsini vurub.
Təhlilçinin fikrincə, yarımada bir sıra səbəblərə görə Putinin Axilles dabanıdır. Belə ki, yarımadanın coğrafi mövqeyi Qara dəniz üzərində NATO-nun kəşfiyyat təyyarələrinə rus qoşunlarının hərəkətini, həmçinin radio mesajlarını qeyd etməyə imkan verir. Bütün bu məlumatlar Ukrayna Silahlı Qüvvələrinə ötürülür.
Krıma Ukraynaya verilən raketlərin "əli çatır". Məsələn, "Storm Shadow"un uçuş məsafəsi 250 km, "Patriot"da isə 160 km-dir. Qərb ölkələri Krımı Rusiya ərazisi kimi tanımır və buna görə də Ukrayna Silahlı Qüvvələri bütün mövcud silahlarla yarımadaya hücum edə bilər.
Minlərlə ukraynalı Krımda qalır, yarımadanın işğalından narazıdır və onlar Kiyevə məlumat ötürən informator şəbəkəsi yarada bilirlər.
Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub. Bundan sonra yarımadanın yerli sakinləri olan krımtatar türklərinə qarşı təzyiqlər artıb.