Bu il dünya əhalisi 75 milyon artaraq 8 milyarda çatıb.
Modern.az "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Siyahıyaalma Bürosunun açıqladığı məlumatda deyilir.
Rəqəmlərə görə, dünya əhalisi son bir ildə 75 milyon nəfər artıb və Yeni il günü bu rəqəm 8 milyarddan çox olacaq. Ötən il dünya üzrə artım tempi 1%-dən bir qədər az olub. Siyahıyaalma Bürosunun rəqəmlərinə görə, 2024-cü ilin əvvəlində dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm gözlənilir.
Ötən il ABŞ-da artım tempi 0,53% təşkil edib ki, bu da dünya üzrə göstəricinin təxminən yarısıdır. ABŞ əhalisinə 1,7 milyon insan əlavə olunub ki, bununla Yeni il günü əhali 335,8 milyon nəfər olacaq. Cari temp onilliyin sonuna qədər davam edərsə, 2020-ci illər ABŞ tarixində ən yavaş artım olan onillik ola bilər.
"2020-ci ildən 2030-cu ilə qədər olan 10 illik dövr ərzində 4%-dən az artım sürəti ola bilər", - Brukinqs İnstitutunda demoqrafı Uiliam Frey deyib.
2024-cü ilin əvvəlində ABŞ-da hər 9 saniyədə bir doğuş və hər 9,5 saniyədə bir ölüm baş verəcəyi gözlənilir. Bununla belə, immiqrasiya əhalinin azalmasının qarşısını alacaq. Xalis beynəlxalq miqrasiyanın hər 28,3 saniyədə ABŞ əhalisinə 1 nəfər əlavə edəcəyi gözlənilir. Doğum, ölüm və xalis beynəlxalq miqrasiyanın bu birləşməsi ABŞ əhalisini hər 24,2 saniyədə 1 nəfər artıracaq.