Modern.az

Ekvadorda iğtişaşlar: Nə baş verir? - DETALLAR

Ekvadorda iğtişaşlar: Nə baş verir? - DETALLAR

Dünya

10 Yanvar 2024, 10:28

Ekvador polisi Quayakil şəhərində televiziya binasına basqın edən və bir neçə jurnalisti girov götürən silahlı qruplaşmanın bir neçə üzvünü saxladığını bildirib.

 

Modern.az xəbər verir ki, Ekvador polisinin X sosial şəbəkəsindəki səhifəsində telekanala hücum edən cinayətkar qrupun üzvlərinin artıq istintaq təcridxanalarına göndərildiyi bildirilir.

 

Yerli nəşr “El Universo” qeyd edir ki, ümumilikdə təhlükəsizlik qüvvələri telekanalın binasına soxulmuş 13 cinayətkarı saxlamağa müvəffəq olub: onların Ekvadorun əsas cinayətkar qruplarından biri ilə əlaqəsi var. Ekvador Daxili İşlər Nazirliyi izah edib ki, hazırda Quayakildə iğtişaşlar davam edir. İğtişaşlar zamanı, hüquq-mühafizə orqanlarının məlumatına görə, azı 8 nəfər həlak olub, daha iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Baş verənlər fonunda Ekvador prezidenti Daniel Noboa ölkədə “daxili silahlı qarşıdurma” rejimi elan edib, bu, təhlükəsizlik vəziyyətini gücləndirmək üçün edilib. Noboa öz fərmanı ilə orduya “ölkənin müxtəlif şəhərlərində girov götürmüş cinayətkar dəstələri zərərsizləşdirməyi” əmr edib. Ekvador prezidenti deyib ki, “narkoterror qrupları” hökuməti qorxutmağa çalışır və iğtişaşların təhrikçiləri ilə danışıqlardan imtina edir.

 

Yanvarın 7-də Fito ləqəbli Los Çoneros cinayətkar qrupunun lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda vəziyyət kəskin şəkildə gərginləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib.

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi