İsrail baş naziri Benyamin Netanyahu ölkəsinin Qəzza zolağında daimi qalmaq niyyətində olmadığını bildirib.
Modern.az xəbər verir ki, bu barədə "Times of Israel" nəşri yazıb.
Netanyahu, həmçinin bəzi sağçı nazirlərin çağırışlarına baxmayaraq, ilk dəfə fələstinliləri Qəzzadan qovmağı planlaşdırılmadıqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, İsrailin maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Fələstin xalqını Qəzzadan çıxarmağı və onların yerinə israilliləri yerləşdirməyi təklif edib. Onların çağırışları Qərb ölkələri, eləcə də ərəb ölkələri tərəfindən sərt qarşılanıb.
Beynəlxalq Ədalət Məhkəməsində İsrailin Qəzzada soyqırımı törətməsi ilə bağlı dinləmələr keçiriləcəyi bir vaxtda Netanyahu bildirib ki, HƏMAS hərəkatı ilə hərbi münaqişə bitdikdən sonra İsrail hərbi qüvvələri Qəzza zolağında qalmayacaq.
“Mən bir neçə məsələdə tamamilə aydın olmaq istəyirəm. İsrail Qəzzanı daimi olaraq işğalda saxlamaq və ya onun mülki əhalisini köçürmək niyyətində deyil. İsrail Fələstin əhalisi ilə deyil, HƏMAS terrorçuları ilə mübarizə aparır və biz bunu beynəlxalq hüquqa tam uyğun edirik”, - deyə Netanyahu qeyd edib.
Baş nazir açıq şəkildə bildirib ki, fələstinlilərin Qəzza zolağından əbədi olaraq qovulması lazım olduğuna inanan İsrail rəsmiləri və deputatlarının bəyanatlarını dəstəkləmir.
O vurğulayıb ki, İsrail Müdafiə Qüvvələrinin döyüşçüləri “hər gün mülki itkiləri minimuma endirmək üçün əllərindən gələni edirlər”. Netanyahu deyib ki, HƏMAS “fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə edərək onların sayını maksimum dərəcədə artırmaq üçün” hər şey edir.
Qeyd edək ki, Haaqada yerləşən Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının (CAR) tələbi əsasında İsrailin Qəzzada soyqırımı törətməsi iddiasına baxacaq. CAR İsrailin 1948-ci il Soyqırımı Konvensiyasına riayət etmədiyini bildirib. Kolumbiya və Braziliya kimi ölkələr də soyqırımı ilə bağlı dinləmələrə dəstək verib.
Dinləmələr yalnız İsraildən Qəzzadakı hərbi əməliyyatları dayandırmağı tələb edən fövqəladə tədbirlərlə bağlı olacaq və məhkəmə işin mahiyyətini araşdıracaq.
"New York Times" qəzeti daha əvvəl yazıb ki, İsrail yüz minlərlə qəzzalını Misirə köçürməyə çalışır. İsrailin maliyyə naziri Bezalel Smotriç deyib ki, fələstinlilər hərbi əməliyyatlar bitdikdən sonra belə Qəzza zolağına qayıtmaq hüququna malik olmayacaq. ABŞ səlahiyyətliləri İsrail rəsmilərinin və siyasətçilərinin Qəzza zolağından fələstinlilərin köçürülməsi ilə bağlı bəyanatlarını qəti şəkildə dəstəkləmədiklərini bildiriblər.
Qeyd edək ki, İsrail ilə HƏMAS hərəkatı arasında müharibə 7 oktyabr 2023-cü ildə başlayıb. İsrail mülki itkilərinin 1.4 min olduğunu açıqlayıb. Qəzzadakı Səhiyyə Nazirliyi isə 23 minə yaxın mülki şəxsin öldüyünü bildirib.
Noyabrda tərəflər atəşkəs haqqında razılığa gəlib, lakin dekabr ayında İsrail ordusu hərbi əməliyyatları bərpa edib.