Türkiyədə ötən gün baş tutan bələdiyyə seçkilərində istifadə olunan bülletenlərin, demək olar ki, hamısı sayılıb.
Modern.az xəbər verir ki, müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP) vilayətlərində çoxunda qələbə qazanıb.
Səsvermənin nəticələrinə əsasən, CHP 37,59 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası (AKP) isə 35,61 faizlə ikinci sırada qərarlaşıb.
AKP-nin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AKP üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 60,29% səslə birinci, AKP-nin namizədi Turqut Altınok isə 31,74% səslə ikinci yerdədir.
İstanbulda CHP-dən Əkrəm İmamoğlu 51,05% səslə birinci, AKP tərəfindən namizədliyi irəli sürülən Murat Kurum 39,60%-lə ikincidir.
İzmirdə CHP 48,88%, AKP isə 37,11 faiz səs toplayıb.
Qaziantepdə AKP 38,80%-lə liderdir, CHP 28,11 faiz səslə ikincidir. AKP, həmçinin Konyada 49,43% səslə birinci yeri tutub.
***
31.03.2024/20:52
Türkiyədə bu gün baş tutan bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.
Modern.az-ın məlumatına görə, ölkə üzrə səslərin artıq 17 faizdən çoxu sayılıb.
Seçkilərin daha rəqabətli keçdiyi İstanbul və Ankara şəhərlərində müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasının namizədləri öndə gedir.
Belə ki, İstanbulda səslərin 20 faizə yaxını sayılıb. Hakim AK partiyanın namizədi Murat Kurum 41.61 faiz, CHP namizədi Ekrem İmamoğlu isə 49.60 faiz səs toplayıb. Ankarada isə 12.41 faiz səs sayılıb və CHP namizədi Mansur Yavaş 56.34 faiz səs qazanıb.
Konya, İsparta, Kayseri, Sakarya, Kocaeli, Çorum və digər vilayətlərdə AKP, ölkənin qərb hissəsində CHP, Qars, Karaman, Tokat və bəzi vilayətlərdə MHP öndə gedir.
CHP İzmir şəhərində də ilk sıradadır - Cemil Tuqay 47,92% səslə birinci, onun rəqibi Ədalət və İnkişaf Partiyasından Hamza Dağ isə 37,12% ilə ikinci sıradadır.