Modern.az

Terrordan sonra Rusiyada miqrantlara münasibət necə dəyişib? - 3 milyon azərbaycanlı...

Terrordan sonra Rusiyada miqrantlara münasibət necə dəyişib? - 3 milyon azərbaycanlı...

Dünya

3 Aprel 2024, 15:01

"Crocus City Hall" konsert salonunda törədilən terror aktından sonra Rusiya miqrantların ölkədə qalma şərtlərini sərtləşdirmək niyyətindədir. Belə ki, Rusiyada tənzimləmə üçün müqavilə şərtlərinin iki il çərçivəsində məhdudlaşdırılması planlaşdırılır.

 

Rus mətbuatı yazır ki, bununla bağlı qanun layihəsi artıq hazırdır. Qanun layihəsində qeyd edilir ki, miqrantlar öz profillərinə uyğun işləməsələr, ölkəni tərk etməyə məcbur ola bilərlər. İdeya artıq Dövlət Dumasında dəstəklənib. Rusiyanın baş prokuroru İqor Krasnov bildirib ki, miqrantlar tərəfindən törədilən cinayətlərin sayı 2023-cü ildə 75% artaraq 22 minə yaxın olub.

 

Ekspertlərin fikrincə, Rusiya hakimiyyəti təxminən 20 ildir ki, miqrantların məqsədyönlü işə cəlb edilməsi ilə məşğul olmağa çalışır və hamısı uğursuz alınıb. Problemin həlli hərtərəfli olmalı, iqtisadi, siyasi və mədəni aspektlər birlikdə nəzərə alınmalıdır.

 

Qeyd edək ki, Rusiyada yaşayan əcnəbilərə, xüsusilə keçmiş Sovet ölkələrindən gələn miqrantlara qarşı münasibət cəmiyyət arasında da dəyişib. Bazarlarda, kafe və restoranlarda miqrantlara qarşı birmənalı münasibər göstərilmir. Bəzən onlar şiddətə məruz qalır, döyülür və həbs edilir.

 

Məhz "Crocus"da baş verən terror aktından sonra miqrantlar üzərində nəzarətin gücləndirilməsi Rusiyada yaşayan azərbaycanlılar üçün də təhlükə hesab olunur. Belə ki, son məlumatlara əsasən, Rusiyada təxminən 3 milyon civarında azərbaycanlının yaşadığı deyilir. Sözügedən qanun layihəsi bu ölkədəki azərbaycanlıların həyatına da təsir edə bilər.

 

“Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov Modern.az-a bildirib ki, terror hadisəsindən sonra azərbaycanlılara qarşı münasibət dəyişməyib:

 

“Düzdür, Rusiyada  terror hadisəsindən sonra digər xalqın nümayəndələrinə qarşı münasibət dəyişib.  Amma bu münasibət əsasən taciklərə qarşıdır. Amma Moskva diasporu olaraq belə şikayətlərlə qarşılaşmamışıq. Kütləvi yoxlamalar və yaxud həmyerlilərimizə qarşı münasibət dəyişikliyi hiss etmirik. Həmyerlilərimizdən bu kimi şikayətlər daxil olmayıb”.

 

Xatırladaq ki, martın 22-si “Crocus City Hall” konsert zalında terror aktı törədilib. Hadisə nəticəsində 140-a yaxın şəxs həlak olub.

Bu xəbər ilə bağlı
Rusiyada miqrantlar üçün qanunlar sərtləşdirilir - 3 milyona yaxın azərbaycanlı...
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI