İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.
İranın Ali Dini Lideri və Prezidenti qisas alınacağını bildirib. İran prezidenti İbrahim Rəisi İsrailin bazar ertəsi İranın Suriyadakı konsulluq binasına hücumuna toxunaraq deyib ki, bu hadisə cavabsız qalmayacaq. Bir sıra İran rəsmiləri İsrailin dünyanın digər ölkələrindəki səfirliklərinə oxşar hücumlar təşkil etməyə çağırıb.
Modern.az-ın məlumatına görə, İsrailin dünyanın müxtəlif ölkələrindəki səfirlikləri İran təhlükəsi səbəbindən təhlükəsizliyi artırıb.
İsrailin “Vesti” qəzeti yazır ki, səfirliklərdə və diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Qeyd olunur ki, İran qisas məqsədilə İsrailin xaricdəki missiyasına hücum etməyə cəhd edə bilər.
"Ynet" portalı isə bildirir ki, İsrailin bir neçə ölkədəki səfirlikləri İran təhdidləri səbəbindən bağlanıb. Qeyd olunur ki, bu qərarı Xarici İşlər Nazirliyinin təhlükəsizlik xidməti və Baş Təhlükəsizlik Xidməti (Şin Bet) verib. Diplomatik missiya əməkdaşlarından işə gəlməmək, ayıq-sayıq olmaq və müvəqqəti olaraq İsraillə əlaqəli ola biləcək yerlərə getməmək istənilib. Portalda hansı ölkələrdən söhbət getdiyi barədə məlumat verilməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl İrana yaxın bəzi media subyektlərində İsrailin Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə etdiyinə dair məlumatlar yayılıb. İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb ki, diplomatik nümayəndəlik öz iş rejimində heç bir dəyişiklik etməyib. "Səfirlik təhlükəsizlik məsələlərinə münasibət bildirmir və dəyişməz olaraq fəaliyyətini davam etdirir",- məlumatda vurğulanıb.
“The New York Times” qəzeti adı açıqlanmayan dörd İsrail rəsmisinə istinadən zərbənin İsrail tərəfindən həyata keçirildiyini yazıb. Onların sözlərinə görə, hədəf general Zahedi olub. Briqada generalı Məhəmməd Rza Zahedi SEPAH daxilində mühüm fiqur idi. O, 44 il əvvəl təşkilata qoşulub, 2008-2016-cı illərdə Suriya və Livanda hərbi əməliyyatlarda iştirak edib, Bəşər Əsəd rejiminin tərəfində döyüşüb və bu müddət ərzində ali rütbəyə yüksəlib.