Modern.az

Türkmənistan və Tacikistan arasında bir sıra sənədlər imzalanıb

Türkmənistan və Tacikistan arasında bir sıra sənədlər imzalanıb

Dünya

5 Aprel 2024, 10:33

Türkmənistanın Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Düşənbəyə iki günlük rəsmi səfəri çərçivəsində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə danışıqlar aparıb.

 

Modern.az Türkmənistan mətbuatına istinadən xəbər verir ki, rəsmi qarşılanma mərasimindən sonra tərəflər təkbətək formatda və nümayəndə heyətlərinin genişləndirilmiş tərkibində danışıqlar aparıblar.

 

Həmsöhbətlər ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə ediblər.  Ticarət dövriyyəsinin həcminin artırılması məqsədilə ticarət əlaqələrində tərəflərin mövcud potensialından istifadə edilməsinin zəruriliyi xüsusi vurğulanıb. Eyni zamanda, ticarət-iqtisadi, elmi-texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın və Türkmənistan-Tacikistan İşgüzar Şurasının fəaliyyətinin aktivləşdirilməsinin zəruriliyi qeyd edilib.

 

İkitərəfli əməkdaşlığın əsas istiqamətləri arasında energetika, nəqliyyat və rabitə, sənaye və kənd təsərrüfatı prioritetdir. Türkmənistan və Tacikistanın təhsil, elm, mədəniyyət, səhiyyə, bədən tərbiyəsi və idman sahələrində tərəfdaşlıq əlaqələrini genişləndirməyə hazır olduqları təsdiqlənib.

 

Qarşılıqlı maraq doğuran regional və qlobal gündəlikdəki aktual məsələlər də ətraflı müzakirə mövzusu olub. Bu kontekstdə müasir çağırış və təhdidlərlə bağlı aktual problemlərin həlli üçün iri beynəlxalq və regional təşkilatlar, ilk növbədə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində gələcək qarşılıqlı fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Geniş tərkibdə danışıqların sonunda ikitərəfli sənədlərin imzalanması mərasimi olub:

 

– Türkmənistan Xarici İşlər Nazirliyi ilə Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2024-2025-ci illər üçün əməkdaşlıq proqramı;

 

– Türkmənistan Xarici İşlər Nazirliyinin Beynəlxalq Münasibətlər İnstitutu ilə Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Xidmət İşçilərinin İxtisasartırma və Yenidən Hazırlıq Mərkəzi arasında əməkdaşlıq haqqında Saziş;

 

– Türkmənistanın Tikinti və Memarlıq Nazirliyi ilə Tacikistan Respublikası Hökuməti yanında Memarlıq və İnşaat Komitəsi arasında əməkdaşlıq haqqında Saziş;

 

– Türkmənistan Elmlər Akademiyasının Seysmologiya və Atmosfer Fizikası İnstitutu ilə Tacikistan Respublikası Milli Elmlər Akademiyasının Geologiya, Zəlzələyə Davamlı İnşaat və Seysmologiya İnstitutu arasında Anlaşma Memorandumu;

 

– Arkadağ (Türkmənistan) şəhərinin rəhbərliyi ilə Xucənd şəhərinin (Tacikistan) rəhbərliyi arasında iki şəhərin qardaşlaşma əlaqələrinin yaradılması haqqında Saziş.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?