44 günlük müharibədən sonra Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakı və İrəvan arasında sülh danışıqları başlayıb. İstər liderlər, istər XİN başçıları, istərsə də, parlament sədrləri və digər səviyyələrdə aparılan müzakirələrdə məsələnin müxtəlif aspektləri müzakirə mövzusu olub. Bununla belə, sülh müqaviləsi ilə bağlı detalların dəqiqləşdirilməsi, birbaşa müqavilə mətninin hazırlanması və razılaşdırılması diplomatiyanın vəzifəsi olduğu üçün texniki aspektlərdə ən çox yük Xarici İşlər Nazirliklərinin üzərinə düşür.
Modern.az sülh prosesi və normallaşma çərçivəsində Azərbaycanın XİN başçısı Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında keçirilmiş görüşlərə nəzər salıb.
Belə görüşlər dəfələrlə gerçəkləşdirilib. Müharibədən sonra birinci dəfə nazirlər 2021-ci ilin oktyabr ayında görüşüblər. 14 oktyabr 2021-ci ildə Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclası çərçivəsində Rusiya tərəfinin təşəbbüsü və vasitəçiliyi ilə Ceyhun Bayramovun Ararat Mirzoyanla görüşü olub. Sərhədlərin delimitasiyası prosesi üzrə danışıqlara başlanılmasının vacibliyi vurğulanıb.
Müharibənin sona çatmasının birinci ildönümündə Fransanın sabiq xarici işlər naziri Jan-İv le Drian Bayramov və Mirzoyanla Parisdə görüşüb. Öncə fransalı nazir həmkarları ilə ayrı-ayrılıqda müzakirələr aparıb. Daha sonra görüş 3 nazir arasında davam edib. Görüş zamanı Fransa diplomatiyasının rəhbəri ölkəsinin Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması naminə tərəflər arasında dialoqun intensivləşməsinə yardım etmək istəyini bir daha vurğulayıb. Nazir həmkarları ilə siyasi səviyyədə danışıqları davam etdirməyə hazır olduğunu təsdiqləyib.
Gürcüstanın paytaxtı Tiflisdə 2022-ci iyulun 16-da xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib. Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.
Həmin ilin sentyabrın 19-da BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində ABŞ-ın dövlət katibi Antoni Blinkenin vasitəçiliyi ilə ABŞ-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçirilib.
2022-ci il oktyabrın 2-də isə Cenevrədə nazirlərin görüşü baş tutub. Nazirlər Azərbaycan və Ermənistan arasında sülh razılaşması üzrə fikir mübadiləsi ediblər və regional kommunikasiyaların açılması məsələsi haqda danışıblar.
14 oktyabr 2022-ci ildə Astana şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovun vasitəçiliyi ilə Mirzoyan və Bayramov arasında üçtərəfli görüş keçirilib. Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı, həmçinin normallaşma prosesinə yardım edən digər humanitar məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bayramov və Mirzoyan 2022-ci ilin noyabr ayında və ötən ilin may ayında ABŞ-da iki görüş keçirib. 7 noyabr 2022-ci ildə keçirilən görüşdə nazirlər mümkün sülh müqaviləsinin elementləri ilə bağlı fikir mübadiləsi aparıb, hələ də həll edilməli olan bir sıra məsələlər olduğunu qeyd edib. May ayında baş turan dörgünlük görüşlər Arlinqtonda keçirilib, görüşdə XİN başçıları tərəfindən Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinə dair müzakirələr aparılıb. Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.
27-29 iyun 2023-cü il tarixində Arlinqtonda keçirilən növbəti görüşdə nazirlər və onların heyətləri arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub. Saziş layihəsinin əlavə maddələri üzrə razılıq əldə edilib və Saziş layihəsi üzrə qarşılıqlı anlaşmaya doğru addım atılıb. Eyni zamanda, bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
Mirzoyan və Bayramov mayın 19-da Moskvada yenidən bir araya gəliblər. Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim ediblər. Tərəflər “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzərində işi davam etdiriblər. Tərəflər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv fikir mübadiləsi aparılıb. Tərəflər müzakirələri davam etdirmək barədə razılığa gəliblər.
25 iyul tarixində isə Ceyhun Bayramov Lavrov ilə ikitərəfli, daha sonra isə Ararat Mirzoyanla üçtərəfli görüşlər keçirib. Görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə olunub.
Ötəni ilin oktyabr ayında Tehranda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqlar olub. Bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian "3+3" regional platformasının XİN rəhbərlərinin iclasından sonra mətbuata açıqlamasında məlumat verib.
28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb. Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.
10-11 may 2024-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Qazaxıstanın Almatı şəhərində danışıqlar aparılıb. Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar.
Modern Təhlil və Araşdırma Qrupu