Modern.az

Fransanın Yeni Kaledoniya istibdadı: Azərbaycan kanakların yanında olacaq

Fransanın Yeni Kaledoniya istibdadı: Azərbaycan kanakların yanında olacaq

Dünya

17 May 2024, 12:00

Yeni Kaledoniyada adanın müstəqilliyi tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarında yüzlərlə insan həbs olunub. Bölgədə vəziyyət gərgin olaraq qalmaqdadır. Komendant saatı tətbiq edilib, iğtişaşları yatırtmaq adı altında bölgəyə ordu yeridilib.

 

Artıq azadlıq uğrunda uzun illərdir mübarizə aparan kanaklardan 10 nəfəri qətlə yetirilib, yaralıların sayı 200-ü keçib. Hakimiyyət Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

 

Qeyd edək ki, Yeni Kaledoniyada etirazları tətikləyən səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.

 

"Azərbaycan həmişə kanakların yanında olacaq"

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun üzvü Kamran Bayramov bildirib ki, Fransa öz dəyərlərinə hörmət etmir:

 

"Fransa hökumətinin təşəbbüsü ilə konstitusiyaya qeyri-qanuni dəyişikliklər təklif olunur. Həmin dəyişikliklərə əsasən, ərazidə 10 ildən çox yaşayan fransızların seçki hüququnun olması təklif olunur. Artıq bir neçə gündür ki, Yeni Kaledoniyada insanların etirazlarına səbəb olan əsas məsələlərdən biri budur. Polis tərəfindən onlarla etirazçı saxlanılıb, öldürülənlər var. Xalqın rəyi soruşulmadan konstitusiyaya təklif olunan dəyişikliklər, eyni zamanda dinc aksiyaçılara qarşı tətbiq olunan zorakılıq və həbslər bir çox qanunların, fikir və söz azadlığının, xüsusən də, Fransanın üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. Fransa hər zaman insan hüquqlarından dəm vurur. Lakin yaşananlar Fransanın özünün dəyərləri hesab etdiyi insan hüquqlarına heç hörmət etmədiyinin bariz nümunəsidir. Etirazçılara həddindən artıq güc tətbiq edilir. Yerli xalqın təhlükəsizliyini təhdid altında qoyulub. Fransa neokolonalizm siyasəti yürüdür. Konstitusiyaya dəyişikliklər edilməsi, Yeni Kalodoniyanın müstəqilliyə doğru gedən yolunu kəsməkdir. Fransa artıq başaqa yol tapa bilmədiyi üçün zorakılığa əl atıb".

K.Bayramov vurğulayıb ki, Azərbaycan həmişə kanakların yanında olacaq:

 

"Bakı Təşəbbüs Qrupu Fransa tərəfindən etirazçıların həbs olunması və mülki şəxslərə zorakılığın tətbiq olunması ilə bağlı bəyanat yayılıb. Fransadan bu hərəkətlərin dayandırılması tələb olunub. Bakı Təşəbbüs Qrupu kanak dostlarımızla həmrəyliyimizin olduğunu, Azərbaycanın həmişə onların yanında olacağını bildirib.  Bu il Yay Olimpiya Oyunları Fransada keçiriləcək. Bu hadisə Fransanın onsuz da aşağı düşən imicinə ciddi zərbə vuracaq. Fransa üçün bu, xoşagəlməz vəziyyət yaratmayacaq. Biz görürük ki, son zamanlar Fransa neokolonializm siyasəti ilə dünyaya meydan oxuyur. Düşünürəm ki, Fransanın əsarəti altındakı xalqlar,ərazilər buna qarşı öz reaksiyasını göstərməlidir. Dünya ictimaiyyəti Fransanın cinayət, pozuntu dolu siyasətinə dair öz münasibətini, mövqeyini bildirməlidir". 

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyir ki, Yeni Kaledoniyada Fransanın istibdadı davam etməkdədir:

 

"Artıq müasir dövrdə kolonializm siyasətinə qarşı daha açıq, genişmiqyaslı, cəsarətli çıxışlar müşahidə olunmaqdadır. Fransanın xüsusilə imperializm siyasəti onun təsiri altında olan coğrafiyalarda deyil, bütövlükdə dünya səviyyəsində narahatlığa və etirazlara səbəb olur. Xüsusilə də, son dövrlərdə Yeni Kaledoniyada  Fransanın imperializm siyasətinə qarşı sistemli çıxışlar var. Mübarizə yaxşı təşkilatlanmaqda, mütəşəkkil xarakter almaqdadır. Bu da onun göstəricisidir ki, çox yaxınlarda Yeni Kaledoniyada tamam yeni vəziyyət yaranacaq. Fransanın əsarətinin aradan qaldırılma ehtimalı böyükdür. Buna görə də Fransa hökuməti ciddi narahatlıq keçirməkdədir. Emmanuel Makron Yeni Kaledoniyadakı vəziyyətlə bağlı Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclasını keçirib. İclas çərçivəsində Yeni Kaledoniyada fövqəladə vəziyyət elan olunub. Bu da Yeni Kaledoniya əhalisinə qarşı repressiya addımı olacaq".

E.Mirbəşiroğlu vurğulayıb ki, Yeni Kaledoniya Bakı təşəbbüsünə çox güvənir:

 

"Hazırda polislər iğtişaşların yatırılması istiqamətində sərt müdaxilələr etməkdədir. Həyatını itirənlər və həbs olunanlar var. Fransa güc strukturları ilə Yeni Kaledoniya əhalisi arasında sərt toqquşmalar heç vaxt bu miqyasda müşahidə olunmamışdı. Bu da Yeni Kaledoniya əhalisinin Fransa imperializminə qarşı etirazlarının nəticəsidir. Bunun müsbət nəticələri olacaq. Yeni Kaledoniya Fransa imperializminə qarşı mübarizədə Bakı təşəbbüsünə də çox güvənir. Bakı platformasını onlar çox təsirli hesab edir. Təsadüfi deyil ki, onların Azərbaycana nə qədər güvəndiklərini, etirazlar zamanı Azərbaycan bayrağını dalğalandırdıqlarını da biz müşahidə etdik".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi