Türkiyənin Havanadakı keçmiş səfiri Ayşe Berris Ekinci Xarici İşlər Nazirliyinin tarixində nazir müavini olan ilk qadın olub.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğanın imzası ilə XİN başçısının müavinləri olaraq Ayşe Berris Ekinci, bir müddət "Star" qəzetinin də Vaşinqton təmsilçisi olmuş Nuh Yılmaz və SETA vəqfinin baş koordinatoru Burhanəddin Duran təyinat alıblar.
Ayşe Berris Ekinci təhsil həyatına 1982-1985-ci illərdə Marseldəki Dame de Sion Liseyində başlayıb. Daha sonra 1985-1987-ci illərdə Eks-Marsel Universitetində iqtisadiyyat üzrə bakalavr təhsilini tamamlayıb.
O, 1987-1990-cı illərdə ODTÜ İqtisadiyyat və İnzibati Elmlər Fakültəsində bakalavr təhsilini tamamlayıb və akademik fəaliyyətə başlayıb. Daha sonra 1991-1992-ci illərdə Boston Kollecində maliyyə üzrə magistr dərəcəsini bitirib.
Karyerasına Türkiyə Banklar Birliyinin iqtisadiyyat şöbəsində başlayan Ekinci 1992-1994-cü illərdə bu sahədəki işini davam etdirib. Diplomatik fəaliyyətə 1994-cü ildə Xarici İşlər Nazirliyində işə başlayıb. Bu müddət ərzində 2007-2010-cu illər arasında Energetika Departamentində çalışıb. Daha sonra 2010-2011-ci illərdə Marseldə baş konsul vəzifəsinə təyin edilib və xaricdə xidmət edib.
O, 30 noyabr 2016-cı il və 1 aprel 2021-ci il tarixləri arasında Kubada səfir vəzifəsində çalışıb.
Burhanəddin Duran isə Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Siyasət, İqtisadiyyat və Sosial Araşdırmalar (SETA) Vəqfinin baş koordinatoru olub.