Modern.az

İranın həlak olan xarici işlər naziri Abdullahian KİMDİR...

İranın həlak olan xarici işlər naziri Abdullahian KİMDİR...

20 May 2024, 11:40

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və onları müşayiət edən digər vəzifəli şəxslərin helikopter qəzasında həlak olması ölkədə milli matəm elan edilməsilə nəticələnib.

Xarici işlər naziri Hüseyn Əmir Abdullahian kim idi?

Modern.az-ın məlumatına görə, mühafizəkar şəxsiyyəti ilə tanınan Hüseyn Əmir Abdullahian 1964-cü ildə İranın Simnan vilayətinin Damqan şəhərində anadan olub.

O, atasını 6-7 yaşında ikən itirib.

1991-ci ildə Tehran Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirən Abdullahian ərəb və ingilis dillərini bilirdi.

O, Tehran Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsinə və Tehran Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsinə malik idi.

H.Abdullahian keçmiş prezident Mahmud Əhmədinejadın dövründə bir müddət Bəhreyndə səfir vəzifəsində çalışıb.

Daha sonra eks-prezidentlər Əhmədinejad və Həsən Ruhani dövründə xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini vəzifəsində çalışıb.

Hüseyn Əmir Abdullahian 3 il keçmiş xarici işlər naziri Cavad Zərifin müavini vəzifəsində çalışıb.

Nəhayət 2021-ci ilin avqustunda xarici işlər naziri təyin olunub.

Xarici işlər naziri vəzifəsindən əvvəl Abdullahian son olaraq parlament sədri Məhəmməd Baqir Qalibafın beynəlxalq əlaqələr üzrə xüsusi köməkçisi olub.

Abdullahianın xarici işlər naziri olduğu dövrdə Tehran və Ər-Riyad arasında 7 illik gərginlikdən sonra 2023-cü ilin martında diplomatik əlaqələrin bərpası və qarşılıqlı səfirliklərin açılması ilə bağlı İranla Səudiyyə Ərəbistanı razılıq əldə edib.

Hüseyn Əmir Abdullahian 1994-cü ildə ailə həyatı qurub, bir oğlu və bir qızı var.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi