Çinlə Tayvan arasında yenidən gərginlik yaranıb.
Modern.az "Bild"ə istinadən xəbər verir ki, Tayvan Müdafiə Nazirliyi adanın yaxınlığında 49 Çin qırıcısını aşkar edib.
Çin bu il iki günlük hərbi manevrlər çərçivəsində Tayvana rekord sayda qırıcı təyyarə göndərib. Son 24 saat ərzində Tayvan Müdafiə Nazirliyi adaya 49 təyyarənin yaxınlaşdığını bildirib. Onlardan 35-i Çin və Tayvan arasında qeyri-rəsmi sərhədi keçərək ada dövlətinin hava hücumundan müdafiə zonasına daxil olub.
Bundan əlavə, Taypey 19 Çin dəniz gəmisi və adaya yaxınlaşan daha 7 sahil mühafizə gəmisindən danışır.
Çin ordusu dünən Tayvan sahillərində genişmiqyaslı təlimlərə başlayıb. Bəzi analitiklərin fikrincə, Çin hakimiyyəti bu yolla Tayvanın yeni prezidenti Lai Qinqdeyə xəbərdarlıq etmək istəyir ki, Tayvanın Çindən formal müstəqilliyinə can atmasın.
Çin Tayvanı öz ərazisinin bir hissəsi hesab edir. Çin hakimiyyəti dəfələrlə “Çinin birləşməsi” planlarından danışıb və əhalisi 23 milyon nəfərdən çox olan adanı güc yolu ilə ilhaq etmək planlarını bəyan edib.
Təlim zamanı Çin hərbi rəsmiləri bildiriblər ki, gəmilər və təyyarələr patrul missiyaları ilə şimaldan, cənubdan və şərqdən Tayvana yaxınlaşacaq, həmçinin bir neçə kilometr məsafədə yerləşən Kinmen adası kimi bir neçə adaya yaxınlaşacaq.