Gürcüstanın iqtisadiyyat naziri Levan Davitaşvili bildirib ki, larinin ucuzlaşması üçün ciddi səbəblər yoxdur.
Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, nazir bunun müvəqqəti olduğunu söyləyib.
“Hər şey hadisələrin çaxnaşma və müvəqqəti olduğunu deməyə əsas verir... Hər şey sabitləşir”, - Davitaşvili qeyd edib.
Xarici agentlər haqqında qanunun qəbuluna və Qərb tərəfdaşları ilə münasibətlərdəki böhrana bazar reaksiyasından sonra Milli Bank ay yarım ərzində larinin məzənnəsini saxlamaq üçün 107,8 milyon dollar satıb.
“Bizdə larinin ucuzlaşmasına səbəb olan fundamental faktorlar olsaydı, Milli Bankın müdaxiləsi mənasız olardı və əhalinin davranışı səmərəsiz olardı”, - deyə vurğulanıb.