Modern.az

Partlamağı gözləyən 1,5 milyon mina: Beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidir!

Partlamağı gözləyən 1,5 milyon mina: Beynəlxalq təşkilatlar Ermənistana təzyiq etməlidir!

31 May 2024, 17:42

Azərbaycanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə ənənəvi beynəlxalq humanitar minatəmizləmə konfransı ölkəmizin mina probleminin dünyaya çatdırılması, humanitar minatəmizləmə sahəsində beynəlxalq tərəfdaşlığın gücləndirilməsi, mina və müharibənin digər partlayıcı qalıqları ilə çirklənmənin ətraf mühitə təsirini azaltmaq üçün maliyyə resurslarının səfərbər edilməsi yolları ətrafında müzakirələrin aparılması məqsədi daşıyır.

 

Konfransa beynəlxalq ictimaiyyət tərəfindən yüksək diqqət göstəriliv. Azərbaycanın ev sahibliyi etdiyi 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransında, ümumilikdə 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib. İştirakçılar arasında bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmilərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin vəzifəli şəxsləri təmsil olunub.

 

Prezident İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, bu gün mina və partlamamış hərbi sursatlar hələ də dünyanın bir çox ölkəsində insan təhlükəsizliyini təhdid edən kəskin problemlərdən biridir. "Müharibə bitdikdən on illər sonra belə insanların həyatını təhlükəyə atmaqla yanaşı, minalar sosial-iqtisadi inkişafa, ətraf mühitə, mədəni irsə, münaqişədən sonrakı bərpa və inkişaf təşəbbüslərinə və nəticə etibarilə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərinə ciddi şəkildə mane olur", - dövlər başçısı qeyd edib.

Məktubda deyilir ki, ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.

 

Qeyd edək ki, Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olub, onlardan 68-i həlak olub, 293-ü isə ağır yaralanıb. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir.

 

"Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. 2020-ci ildən 2023-cü ilə qədər uzunluğu 500 kilometrədək olan yeni minalanmış zonalar yaradılmış, yenidən Azərbaycanın ərazisinə minalar basdırılmışdır. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür", - İlham Əliyev müraciətdə bildirib.

 

"Ermənistandan minalanmış ərazilərin dəqiq xəritəsi tələb edilib Azərbaycana verilməlidir"
 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Ermənistanın mina müharibəsi hələ də davam edir:

 

"Erməni təcavüzkarlarının başı əzilib, ayaqları Azərbaycan torpaqlarından kəsilsə də, Ermənistanın mina müharibəsi hələ də davam edir. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatlara, Ermənistanın hakimiyyət orqanlarına dəfələrlə müraciətlər olunsa da, onlar hələ də minaların dəqiq xəritəsini Azərbaycana təqdim etməyiblər. Bu, beynəlxalq hüquq normalarına sayğısızlıq və məkrli niyyətlərin bir daha həyata keçirilməsidir. Bu günə kimi 3400-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar və qadınlar çoxluq təşkil edir. Mülki əhalinin bu gün minalara düşüb həyatını itirməsi, xilasedicilərin minatəmizləmə zamanı xəsarət alması acınacaqlı haldır. Azərbaycan hökuməti bütün tədbirlərə əl atsa da, təhlükəsizliyə tam nail ola bilməyib. Bu sahədə ANAMA, BMT-nin inkişaf proqramı əsasında müəyyən tədbirlərin görülməsinə baxmayaraq, yenə də ərazilərin minalardan təmizləmə işləri müəyyən şəkildə ləngiyir. Çünki ölkə ərazisinin xeyli hissəsi minalanıb. İlkin dəyərləndirilmədə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlar Azərbaycan ərazilərinə basdırılıb və təbiətin çirkləndirilməsinə səbəb olub. Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakıda “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində bu faktlara bir daha istinad edib".

Komitə sədri minaların kənd təsərrüfatına vurduğu ziyandan da danışıb:

 

"Azərbaycan torpaqlarının Ermənistan işğalı nəticəsində minalaşdırılması nəinki çirkləndimə problemi yaradır digər tərəfdən onların əkin dövriyyəsinə daxil edilməsini olduqca çətinləşdirir. Minatəmizləmə prosesi nə qədər sürətlə aparılsa da, tam təhlükəsizlik vəziyyəti yaranmayıb. Sözsüz ki, bu da Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı üçün çox ciddi problemlər yaradır. Çünki bu ərazilər erməni faşistləri tərəfindən tamamilə viran vəziyyətə salınıb, torpaqlar uzun müddət əkilib-becərilməyib, su kanalları məhv edilib. Torpaqlar öz münbitliyini itirib. Minaların basdırılması torpaqlara həddindən artıq ziyan verir. Ancaq əldə olunmuş nəticələr, son illərdə həmin ərazilərin minalardan təmizlənməsi, 100 min hektara yaxın torpağın əkin dövriyyəsinə daxil edilməsinə imkan yaradıb. Həmin torpaqlarda xüsusilə taxıl, arpa, noxud, qarğıdalı kimi bitkilər əkilib-becərilib. Əlbəttə ki, minaların ərazilərdə olması ümumi işə ciddi çətinliklər yaradır. Bu sahədə kənd təsərrüfatı da müstəsna deyil. Bütün bu hadisələrə, məkrli məqsədlərə görə Ermənistan hakimiyyəti məsuliyyət daşıyır. Bunu hərbi cinayət də adlandırmaq olar. Çünki bir neçə ildir ki, müharibə bitsə də, ermənilərin basdırdığı minalar insanların canını almaqda, onlara xəsarət yetirməkdədir. Beynəlxalq təşkilatlar bu barədə ciddi tədbirlər görməlidirlər. Bakıda keçirilən beynəlxlaq konfrans da bu məqsədə də xidmət edir. Buraya gətirilən insanlar torpaq sahələrinin 20 faizinin minalanması deməyə əsas verir ki, beynəlxalq təşkilatlara işə keçməli, Ermənistandan minalanmış ərazilərin dəqiq xəritəsi tələb edilib Azərbaycana verilməlidir".

"Azərbaycan minalarla mübarizədə ciddi səylər göstərir"

 

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov isə konfransla bağlı deyib ki, Azərbaycan hökuməti minaların yaratdığı problemləri özünün prioritet məsələsi elan edib:

 

"Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans keçirilir. Çoxsaylı ölkələrdən nümayəndələr bu konfransda iştirak edirlər. Konfransın birinci günü Zəngilanda, ikinci günü isə Bakıda keçirildi. Konfransın birinci günü Prezidentin iştirakçılara müraciətini prezidentin köməkçisi cənab Hikmət Hacıyev səsləndirdi. Həm Zəngilanda, həm də Bakıda minaların ətraf mühitə, iqlimə vurduğu zərərlər müzakirə olundu.Yekunda konfransın bəyanatı qəbul olundu. Artıq neçənci dəfədir ki, Azərbaycanda bu konfranslar keçirilir. Bu da onu göstərir ki, Azərbaycan hökuməti minaların yaratdığı problemləri özünün prioritet məsələsi elan edib və bununla mübarizədə ciddi səylər göstərir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri