Modern.az

Əs-Sisi Blinkenlə İsrail-HƏMAS müharibəsini müzakirə etdi

Əs-Sisi Blinkenlə İsrail-HƏMAS müharibəsini müzakirə etdi

Dünya

11 İyun 2024, 13:40

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Qahirədə ABŞ-ın xarici siyasət idarəsinin başçısı Antoni Blinkenlə keçirdiyi görüşdə İsrail-HƏMAS müharibəsinin dayandırılmasının zəruriliyini vurğulayıb. O əlavə edib ki, bu münaqişənin bütün Yaxın Şərq regionuna yayılmasının qarşısı alınmalıdır.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, Misir Prezidenti iyunun 10-da Qahirədə keçirilən görüşdə Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olan bütün maneələri aradan qaldırmağa çağırıb. O, həmçinin İsrail-Fələstin münaqişəsinin “iki dövlət” həll yolunun həyata keçirilməsi istiqamətində konkret irəliləyiş əldə etməyin vacibliyini vurğulayıb.

 

Misir Baş Kəşfiyyat Xidmətinin rəhbəri Abbas Kamelin də iştirak etdiyi görüşdə hər iki tərəf Qəzza zolağında atəşkəsə nail olmaq, əsir və məhbusların mübadiləsi üçün birgə səyləri gücləndirmək barədə razılığa gəliblər. Onlar, həmçinin Qəzza sakinlərinə humanitar yardımın çatdırılmasını təmin etmək üçün Misirin səylərini vurğulayıblar.

 

Bundan əlavə, Əs-Sisi və ABŞ-ın yüksək səviyyəli diplomatı iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmliyini, habelə müxtəlif mövzular və məsələlər üzrə koordinasiyanı davam etdirmək niyyətində olduqlarını təsdiq ediblər.

 

Blinken, öz növbəsində, ABŞ-ın regionda təhlükəsizliyin və sülhün bərpası üçün iki ölkə arasında birgə işi və koordinasiyanı davam etdirməkdə maraqlı olduğunu bildirib.

 

ABŞ-ın dövlət katibi Prezident Co Baydenin irəli sürdüyü yeni atəşkəs təklifini irəli sürmək məqsədi daşıyan növbəti Yaxın Şərq turunun başlanğıcında Qahirəyə gəlib. Bu, Blinkenin İsrailin Qəzzada müharibəsinin başlamasından bəri səkkizinci səfəridir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?