Modern.az

İnsanlar xəbərləri ən çox haradan oxuyur? - ARAŞDIRMA

İnsanlar xəbərləri ən çox haradan oxuyur? - ARAŞDIRMA

Dünya

18 İyun 2024, 22:05

Dünyada getdikcə daha çox insan xəbərləri izləməkdən imtina edir.

 

Modern.az xəbər verir ki, bu barədə Oksford Universitetində Reuters Jurnalistika Araşdırmaları İnstitutu tərəfindən aparılan tədqiqatda qeyd olunub.

 

Yanvar-fevral aylarında 47 ölkədə aparılan sorğunun nəticələrinə görə, hər on respondentdən dördü (39%) xəbərlərə baxmaqdan yayınır. Bu, 2017-ci illə müqayisədə 10 faiz çoxdur.

 

Tədqiqat müəlliflərinin fikrincə, insanların xəbər gündəmindən uzaq olmaq istəyi əsasən Ukrayna və Yaxın Şərqdəki müharibələrlə bağlıdır.

 

Hesabatda insanların xəbərlərdən qaçmaq istəyinin ən yüksək həddə olduğu müəyyən edilib. Bir sıra ölkələrdə, o cümlədən ABŞ-da seçki prosesləri bu ölkələrdə xəbərlərə marağı artırsa da, ümumi azalma tendensiyası sabit olaraq qalır.

 

Qlobal miqyasda xəbərləri çox yaxından izləyənlərin payı 2017-ci ildən bəri 63 faizdən 47 faizə qədər azalıb.

 

Tədqiqat müəllifləri qeyd edir ki, insanlar pandemiya, müharibələr kimi xəbərlərdən gizlənməklə həm psixi sağlamlıqlarını qorumaq, həm də həyatlarını davam etdirmək istəyirlər.

 

Son on ildə ənənəvi xəbər mənbələrinin, xüsusən də televiziya və çap nəşrlərinin auditoriyası kəskin şəkildə azalıb. Gənclər xəbərləri internetdən və ya sosial şəbəkələrdən oxumağa üstünlük verirlər. Tədqiqat göstərir ki, Böyük Britaniya respondentlərinin dörddə üçü (73%) xəbərləri onlayn, 50%-i televiziyadan və yalnız 14%-i çap mediasından alır.

 

Populyarlığı son vaxtlar azalmağa başlasa da, xəbərlər üçün ən vacib sosial platforma hələ də "Facebook"dur. "YouTube" və "WhatsApp" da ən yaxşı xəbər mənbələridir, "TikTok" isə populyarlıq baxımından ilk dəfə X-i (keçmiş Twitter) ötüb.

 

Hesabat müəlliflərinin fikrincə, video formatı xüsusən də gənclər arasında getdikcə vacib xəbər mənbəyinə çevrilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var