Modern.az

Astana sammiti: Hansı ölkələrin liderləri iştirak edəcək...

Astana sammiti: Hansı ölkələrin liderləri iştirak edəcək...

Dünya

2 İyul 2024, 19:23

3-4 iyul tarixlərində Qazaxıstanın Astana şəhərində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, görüşdən sonra Astana Bəyannaməsi və digər birgə sənədlər imzalanacaq.

 

Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etmək üçün Qazaxıstana səfər edəcək.

 

“Liderlər ŞƏT çərçivəsində çoxşaxəli əməkdaşlığın daha da dərinləşdirilməsi və onun fəaliyyətinin təkmilləşdirilməsinin vəziyyəti və perspektivlərini müzakirə edəcəklər. Aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq”, - Kremlin yaydığı məlumatda deyilir.

 

Astana şəhərində, həmçinin “ŞƏT plus” formatında görüşün keçirilməsi planlaşdırılır. Görüşə müşahidəçi ölkələrin və ŞƏT-in dialoq üzrə tərəfdaş ölkələrinin liderləri dəvət olunub. Vladimir Putin Qazaxıstana səfəri zamanı sammitdə iştirak edən ölkələrin liderləri ilə bir sıra ikitərəfli danışıqlar aparacaq.

 

TASS Rusiya prezidentinin köməkçisi Yuri Uşakova istinadən yazıb ki ki, Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev, Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Çin lideri Si Cinpin və Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlar aparacaq.

 

Putin və Ərdoğan Rusiya liderinin Türkiyəyə gözlənilən səfərini müzakirə edəcəklər. Vladimir Putinin Türkiyəyə səfəri 2023-cü ilin yayından müzakirə olunur.

 

“Biz çoxdandır ki, Türkiyəyə səfər etməyi planlaşdırırdıq. Düşünürəm ki, liderlər bu məsələni müzakirə edəcəklər. Bundan başqa, hesab edirəm ki, belə ölkələrin liderləri arasında regional planda çox mühüm rol oynayan fikir mübadiləsi üçün çoxlu mövzular var”, - Yuri Uşakov bildirib.

 

O, Rusiya hakimiyyətinin Türkiyə tərəfi ilə davamlı dialoq apardığını vurğulayıb.  Uşakov qeyd edib ki, tərəflər gələcək birgə işin perspektivlərini və “bütün vacib, o cümlədən həssas məsələləri” müzakirə edəcəklər.

 

İclasda Belarusun ŞƏT-ə qəbul olacağı gözlənilir. Belarus 2022-ci ildə ŞƏT-ə üzv olmaq üçün müraciət edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Belarusun ŞƏT-ə daxil olması ilə bağlı bütün razılaşmalar əldə olunub və indi ölkə qarşıdakı sammitdə təşkilat tərəfindən qəbul ediləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”