Modern.az

Problemləri həll etməyin vaxtıdır! - Pezeşkian planlarını AÇIQLADI

Problemləri həll etməyin vaxtıdır! - Pezeşkian planlarını AÇIQLADI

18 İyul 2024, 10:56

“Mən islahatları və milli birliyi gücləndirmək, dünya ilə konstruktiv əlaqə qurmaq platformasında namizədliyimi irəli sürdüm, nəticədə soydaşlarımın, o cümlədən ümumi vəziyyətdən narazı olan gənc qadın və kişilərin etimadını qazandım. Mən onların etimadını dərindən qiymətləndirirəm və kampaniyam zamanı verdiyim vədləri yerinə yetirmək üçün həm ölkə daxilində, həm də beynəlxalq miqyasda konsensusu inkişaf etdirməyə tam sadiqəm”.

Modern.az “Tehran Times”a istinadən xəbər verir ki, bunu İran İslam Respublikanın yeni prezient Məsud Pezüşkian bildirib.

“Vurğulamaq istərdim ki, mənim administrasiyam bütün şəraitdə İranın milli ləyaqətini və beynəlxalq statusunu qorumaq öhdəliyini rəhbər tutacaq. İranın xarici siyasəti “ləyaqət, müdriklik və ehtiyatlılıq” prinsipləri üzərində qurulub, bu dövlət siyasətinin formalaşdırılması və icrası prezident və hökumətin üzərinə düşür. Mən bu əsas məqsədi həyata keçirmək üçün administrasiyama  verilən bütün səlahiyyətlərdən istifadə etmək niyyətindəyəm”, - Pezeçkian əlavə edib.

Yeni prezident deyib ki, onun administrasiyası bütün ölkələrlə münasibətlərdə milli maraqlara, iqtisadi inkişafa, regional və qlobal sülh və təhlükəsizliyin tələblərinə uyğun balans yaradaraq imkanlara əsaslanan siyasət həyata keçirəcək.

“Buna uyğun olaraq, biz gərginliyi azaltmaq üçün səmimi səyləri alqışlayacağıq və xoş niyyətə xoş niyyətlə cavab verəcəyik”.


M.Pezeşkian İranın qonşu ölkələrilə necə münasibət quracağından da danışıb:


“Mənim rəhbərliyim altında biz qonşularımızla münasibətlərin möhkəmləndirilməsinə üstünlük verəcəyik. Biz tək bir ölkənin digərləri üzərində hegemonluq və dominantlıq ardınca getdiyi bir bölgədənsə, “güclü region”un yaradılmasını müdafiə edəcəyik. Mən qəti şəkildə inanıram ki, qonşu və qardaş xalqlar öz dəyərli resurslarını aşındırıcı rəqabətlərə, silahlanma yarışlarına və ya əsassız olaraq bir-birlərinin qarşısını almaq üçün sərf etməməlidirlər. Əvəzində biz resurslarımızı hamının xeyrinə regionun tərəqqisinə və inkişafına həsr edə biləcəyimiz bir mühit yaratmağı hədəfləyəcəyik.

İqtisadi əlaqələrimizi dərinləşdirmək, ticarət əlaqələrimizi gücləndirmək, müştərək müəssisə investisiyalarını təşviq etmək, ortaq problemlərin həlli üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və regional təşkilatlarla əməkdaşlığı səbirsizliklə gözləyirik. Biz dialoq, etimadın möhkəmləndirilməsi və inkişaf üçün regional çərçivənin yaradılması istiqamətində hərəkət etməyə çalışacağıq. Regionumuz çox uzun müddətdir ki, müharibə, məzhəb qarşıdurmaları, terrorizm və ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, su qıtlığı, qaçqın böhranları, ətraf mühitin pozulması və xarici müdaxilələrlə üzləşib. Gələcək nəsillərin rifahı üçün bu ümumi problemləri həll etməyin vaxtıdır. Regional inkişaf və tərəqqi naminə əməkdaşlıq bizim xarici siyasətimizin rəhbər prinsipi olacaqdır.
Biz sülhü təşviq etməklə, davamlı inkişafa şərait yaradan sakit mühit və dialoq yaratmaqla, islamofobiyanı dağıtmaqla formalaşmaqda olan qütbdən sonrakı qlobal nizamda mühüm rol oynaya bilərik. İran bu məsələdə öz ədalətli payını verməyə hazırdır”.
 

M.Pezeşkian İsrailə qarşı sərt fikirlər də səsləndirib:

“İsrail bu günə qədər işğal, müharibə cinayətləri, etnik təmizləmə, nüvə silahına sahiblik, qeyri-qanuni ilhaq və qonşularına qarşı təcavüzlə ləkələnmiş rekorda “soyqırımı” da əlavə edib”.

Yeni prezident işə başlayandan sonra atacağı ilk addımdan da danışıb:

“lk tədbir olaraq, mənim administrasiyam qonşu ərəb ölkələrini əməkdaşlığa və bütün siyasi və diplomatik vasitələrdən istifadə etməyə çağıracaq ki, Qəzzada qətliamın dayandırılması və münaqişənin genişlənməsinin qarşısının alınması məqsədi ilə daimi atəşkəsə nail olunması prioritet olsun. Bundan sonra biz fələstinlilərin dörd nəslinin həyatını məhv edən uzunmüddətli işğala son qoymaq üçün səylə çalışmalıyıq. Bu kontekstdə vurğulamaq istəyirəm ki, bütün dövlətlər 1948-ci il Soyqırımı Konvensiyasına əsasən, soyqırımının qarşısının alınması üçün tədbirlər görmək məcburiyyətindədirlər.

Bu gün belə görünür ki, Qərb ölkələrində bir çox gənclər bizim İsrail rejimi ilə bağlı onilliklər boyu davam edən mövqeyimizin doğruluğunu etiraf ediblər. Fürsətdən istifadə edərək bu cəsur nəslə demək istərdim ki, biz İrana qarşı Fələstin məsələsində prinsipial mövqeyinə görə antisemitizm ittihamlarını açıq-aşkar yalan deyil, həm də mədəniyyətimizə, inanclarımıza və əsas dəyərlərimizə təhqir kimi qiymətləndiririk. Əmin olun ki, bu ittihamlar fələstinlilərin yaşamaq hüququnu müdafiə etmək üçün universitet şəhərciklərində etiraz etdiyiniz zaman sizə qarşı yönəlmiş ədalətsiz antisemitizm iddiaları qədər absurddur”.

Pezeşkian bildirib ki, Çin və Rusiya çətin anlarda daim İranın yanında olub:

“Biz bu dostluğu çox yüksək qiymətləndiririk. Çin ilə 25 illik yol xəritəmiz qarşılıqlı, faydalı, hərtərəfli strateji tərəfdaşlıq qurmaq yolunda mühüm mərhələni təmsil edir və biz yeni qlobal nizama doğru irəliləyərkən Pekinlə daha geniş əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik. 2023-cü ildə Çin Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin normallaşdırılmasında mühüm rol oynadı, beynəlxalq məsələlərə konstruktiv baxışını və uzaqgörən yanaşmasını nümayiş etdirdi.

Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur və mənim administrasiyam Moskva ilə əməkdaşlığımızın genişləndirilməsinə sadiq qalacaq. Biz Rusiya və Ukrayna xalqları üçün sülh naminə  çalışırıq və mənim hökumətim bu məqsədə nail olmaq üçün təşəbbüsləri fəal şəkildə dəstəkləməyə hazır olacaq. Mən Rusiya ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı xüsusən BRİKS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı kimi çərçivələr daxilində prioritet olaraq davam edəcəyəm.

Qlobal mənzərənin ənənəvi dinamikadan kənara inkişaf etdiyini qəbul edərək, mənim administrasiyam Qlobal Cənubda formalaşmaqda olan beynəlxalq oyunçularla, xüsusən də Afrika dövlətləri ilə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməyə sadiqdir. Biz əməkdaşlıq səylərimizi artırmağa və bütün cəlb olunanların qarşılıqlı faydası üçün tərəfdaşlığımızı gücləndirməyə çalışacağıq”.
 

Məsud Pezeşkian deyib ki, İranın Avropa ilə münasibətlərinin enişli-yoxuşlu tərəfləri məlumdur:

“Birləşmiş Ştatların 2018-ci ilin may ayında JCPOA-dan (Birgə Hərtərəfli Fəaliyyət Planı) çıxmasından sonra, Avropa ölkələri İran qarşısında sazişi xilas etməyə, ABŞ-ın qeyri-qanuni və birtərəfli sanksiyalarının iqtisadiyyatımıza təsirini yumşaltmağa çalışmaq üçün 11 öhdəlik götürdülər. Bu öhdəliklər effektiv bank əməliyyatlarının təmin edilməsini, şirkətlərin ABŞ-dan effektiv qorunmasını və İrana investisiyaların təşviqini əhatə edirdi. Avropa ölkələri bütün bu öhdəliklərdən imtina etdilər, lakin əsassız olaraq İranın JCPOA çərçivəsində bütün öhdəliklərini birtərəfli qaydada yerinə yetirməsini gözləyirlər.

Bu səhv addımlara baxmayaraq, mən qarşılıqlı hörmət və bərabər əsaslar prinsiplərinə uyğun olaraq münasibətlərimizi düzgün yola salmaq üçün Avropa ölkələri ilə konstruktiv dialoq aparmağı səbirsizliklə gözləyirəm. Avropa ölkələri dərk etməlidir ki, iranlılar qürurlu xalqdır, onların hüquq və ləyaqətinə artıq göz yummaq olmaz. İran və Avropanın araşdıra biləcəyi bir çox əməkdaşlıq sahələri var. Əməkdaşlıq imkanlarına iqtisadi və texnoloji əməkdaşlıq, enerji təhlükəsizliyi, tranzit marşrutları, ətraf mühit, o cümlədən terrorizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə, qaçqın böhranları və digər sahələr daxildir ki, bunların hamısı xalqlarımızın xeyrinə həyata keçirilə bilər.

Birləşmiş Ştatlar da reallığı tanımalı birdəfəlik başa düşməlidir. Biz 2015-ci ildə JCPOA-ya vicdanla daxil olduq və öhdəliklərimizi tam yerinə yetirdik. Lakin Birləşmiş Ştatlar qeyri-qanuni olaraq sırf daxili çəkişmələr və qisas zəminində iqtisadiyyatımıza yüz milyardlarla dollar zərər vuraraq, İran xalqına, xüsusən də COVİD pandemiyası zamanı, saysız-hesabsız iztirablara, ölümlərə və dağıntılara səbəb olan razılaşmadan çıxdı. ABŞ İrana qarşı təkcə iqtisadi müharibə aparmaqla deyil, həm də general Qasım Süleymanini  öldürərək dövlət terroru ilə məşğul olmaqla, qəsdən düşmənçilikləri gücləndirməyi seçdi. Bu gün dünya həmin seçimin zərərli nəticələrinin şahidi olur.

ABŞ və onun Qərb müttəfiqləri nəinki regionda və dünyada gərginliyi azaltmaq və idarə etmək üçün tarixi fürsəti əldən verdilər, həm də nüvə silahlarının yayılmaması prinsiplərinə əməl etməyin xərclərini göstərməklə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NPT) ciddi şəkildə sarsıtdılar.

Mən vurğulamaq istəyirəm ki, İranın müdafiə doktrinasında nüvə silahı yoxdur və ABŞ-ı keçmiş səhv hesablamalardan dərs almağa və siyasətini buna uyğun düzəltməyə çağırıram. Vaşinqtonda qərar qəbul edənlər etiraf etməlidirlər ki, region ölkələrini bir-birinə qarşı qoymaqdan ibarət olan siyasət uğur qazanmayıb və gələcəkdə də uğur qazanmayacaq. Onlar bu reallıqla barışmalı və hazırkı gərginliyi gücləndirməkdən çəkinməlidirlər.

İran xalqı hüquqlarımıza, ləyaqətimizə və regionda və dünyada layiqli rolumuza israr edərək, beynəlxalq arenada konstruktiv fəaliyyətə ciddi şəkildə davam etmək üçün mənə güclü mandat həvalə edib. Mən bu tarixi işdə bizə qoşulmaq istəyənləri açığa dəvət edirəm”.

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri