Modern.az

İranın yeni prezidenti Nazirlər Kabinetini qura bilmir - Pezeşkian GİLEYLƏNDİ

İranın yeni prezidenti Nazirlər Kabinetini qura bilmir - Pezeşkian GİLEYLƏNDİ

23 İyul 2024, 12:26

İyulun 30-da andiçmə mərasimi keçiriləcək İranın yeni prezidenti Məsud Pezeşkian quracağı hökumətin tərkibini müəyyənləşdirməkdə çətinlik çəkir.
 

Modern.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə Pezeşkian özünün seçki qərargahının üzvlərilə keçirdiyi görüşdə bildirib.

Yeni prezident kimi ilk addımının milli birlik kabinetini seçmək olduğunu bəyan edən Pezeşkian deyib ki, bu çox çətin məsələdir:

“Biz elə bir kabinet formalaşdırmalıyıq ki, ora vicdanlı, təcrübəli və bilikli insanlar seçilsin və onlar ali rəhbərin ümumi siyasətinə uyğun hərəkət etsinlər”.
 

Yeni prezident deyib ki, üzərində çox ağır yük hiss edir:

"İnsanların mənimlə bağlı coşğusunu görəndə çiynimdə ağır yük hiss edirəm. Bu yükü daşımaq çətindir. Problemlərdən biri də odur ki, hamı mənimlə görüşmək istəyir. Mən hər kəsə necə cavab verim?".


Məsud Pezeşkian bildirib ki, o, prezident seçiləndən sonra dəyişməyib:  “Mən əvvəlki adamam. Çox adam gileylənir ki, sən özünü itirmisən”.

Prezidentin sözlərinə görə, məmur komandasını müəyyənləşdirməkdə də çətinlik çəkir:

"Məmur seçmək mənim üçün problemə çevrilib. Hər kəsə deyirəm ki, bir adamı təqdim edin, hər kəs özünü təqdim edir... Kim mövqe tutmaq istəyirsə, biz hamı ilə bir prinsipdə razılaşacağıq: vətəndaş razı salınmalıdır, əksi qəbuledilməzdir. İnsanların məmnunluğu bizim idarəçiliyin göstəricisi olmalıdır”.


Qeyd edək ki, Məsud Pezeşkian iyulun 30-da and içəcək, sonra bir həftə ərzində yeni hökumətin tərkibimi parlamentin müzakirəsinə verəcək.

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri