Türkiyənin sabiq baş nazir müavini, nazir və millət vəkili Abdüllatif Şenerin oğlu Bedirhan Şener girov götürdüyü nənəsi (anasının anası - red.) Leyla Çetineri öldürüb.
Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra Bedirhan Şener nəzarətə götürülüb.
Belə ki, Bedirhan Şener Ankarada evlərində naməlum səbəbdən mübahisə yarandıqdan sonra nənəsi Leyla Çetineri girov götürüb. Abdüllatif Şener hadisə ilə bağlı polisə məlumat verib. Evin yerləşdiyi Ayrancı məhəlləsinə çoxlu sayda polis və tibb qrupu göndərilib. Daha sonra Bedirhan Şener nənəsi Leyla Çetineri güllələyərək öldürüb.
Qətldən sonra Bedirhan Şener nəzarətə götürülüb. Hadisə yerində polis qruplarının işləri davam edir.
Mətbuata danışan Abdüllatif Şener sosial mediada yayılan oğlunun guya anasını (A.Şenerin xanımını - red.) öldürdüyü iddiaların həqiqəti əks etdirmədiyini və həyat yoldaşının sağ olduğunu bildirib: “Psixoloji problemləri olan oğlum, qarşısındakı şəxsin nənəsi olduğunu belə bilmədən güllələyib. Çox üzgünük. Ağır hadisədir. Oğlumun anasını öldürməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil".
Abdüllatif Şenerin oğlu Bedirhan Şener ötən il keçirilən prezident və parlament seçkilərinə 4 gün qalmış Türkiyə Böyük Millət Məclisində keçmiş sədr Mustafa Şentop tərəfindən vəzifəyə təyin edilib.
Hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verdikdən sonra müxalif Cümhuriyyət Xalq Partiyasına (CHP) keçən A.Şener bu partiyadan millət vəkili də olub. Oğlunun vəzifəyə təyin olunması və CHP-nin prezidentliyə namizədi Kemal Kılıçdaroğlunun ilk turda məğlub olmasından sonra Abdüllatif Şener 23 may 2023-cü ildə CHP-dən də istefa verib.
Sonradan Şener 14 may seçkilərində (birinci tur) Sinan Oğana səs verdiyini, 28 mayda keçirilən ikinci tur seçkilərdə isə etibarsız səs atdığını bildirib.