"The New York Times" Belarus müxalifətinin mühacirətdəki lideri, bir sıra ölkələr tərəfindən prezident kimi tanınan Svetlana Tixanovskayanı siyasi məhbuslardan pul qazanmağa çalışmaqda ittiham edir.
Modern.az xəbər verir ki, nəşrin iddiasına görə, “Qərbdən artıq səxavətli maliyyə dəstəyi alan xanım Tixanovskayanın komandası məhbus problemindən daha çox pul çıxarmaq üçün istifadə etməyə çalışıb”.
Məqalədə “bəzi dairələrdə narazılığa” istinad edilir. Eyni zamanda, materialda iddia olunur ki, Svetlana Tixanovskaya və onun əməkdaşları siyasi məhbuslar mövzusunu beynəlxalq aləmdə əhəmiyyətli hala gətirə bilməyiblər.
Eyni materialda Tixanovskaya 2020-ci ildə “özünü səsvermənin qalibi elan edən”, “özünü ümummilli lider elan edən” adlanır.
Bundan başqa, Tixanovskaya başqalarının xidmətlərini özünə aid etməkdə də ittiham olunur: “Xanım Tixanovskayanın tərəfdarları Belarus daxilində Rusiya hərbi təyyarələrinə və dəmiryol xətlərinə edilən hücumların arxasında olduqlarını iddia edirdilər, lakin əslində onların demək olar ki, hamısını Ukrayna Təhlükəsizlik Xidməti həyata keçirib. Onun rəhbərlik etdiyi mühacirətdəki hökumətin Belarus daxilində əhəmiyyətli tərəfdarlarının olduğuna dair heç bir sübut yoxdur”.