Rusiyalı müxalif siyasi fəal, Moskva və Qərb arasında son məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb Almaniyaya göndərilən siyasətçi İlya Yaşin Kurskda baş verənlərə münasibət bildirib.
Modern.az xəbər verir ki, Yaşin bununla bağlı öz teleqram kanalında paylaşım edib:
"Kursk vilayətində baş verənlər dəhşətlidir. Müharibənin ilk günündən deyirdim ki, Putin Rusiya ərazisinə mütləq ölüm və dağıntı gətirəcək və ölkəmiz onun qanlı avantürasına görə böyük bədəl ödəməli olacaq. Təəssüf ki, belə oldu. Bunu başa düşmək vacibdir: əgər Putin 24 fevral 2022-ci ildə Ukraynaya hücum əmri verməsəydi, öldürülənlərin hamısı sağ olardı".
Qeyd edək ki, Rusiya Ukrayna ordusunun bu gün Kursk bölgəsinə daxil olduğunu və bölgədə gərgin döyüşlər getdiyini bildirib.
Döyüşlərin Kursk vilayətində yerləşən Sudja yaşayış məntəqəsində getdiyi bildirilir. Bu şəhər Rusiya qazının Ukrayna üzərindən Avropaya ixracı üçün son əməliyyat daşıma məntəqəsidir. Burada cəmi 60 km aralıda Rusiyanın Kursk atom elektrik stansiyası yerləşir. Rusiyalı hərbi bloqçular Ukraynanın yeni cəbhə açdığını iddia edib və gərgin döyüşlər olduğunu bildiriblər.
Ukrayna Kursk vilayətində gedən döyüşləri şərh etmir.