Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İT sahəsində süni intellekt texnologiyalarının və startapların inkişafı üzrə tədbirlərə dair təqdimatla tanış olub.
Modern.az "Kun.uz"a istinadən xəbər verir ki, təqdimatda səhiyyə, kənd təsərrüfatı, bank işi, vergi və gömrük sahələrində süni intellekt texnologiyalarının inkişafı üzrə tədbirlər müzakirə olunub.
Süni intellektdən istifadə üçün qanunvericilik bazasının yaradılmasının zəruriliyi qeyd edilib. Tapşırıq süni intellekt tətbiqetmə strategiyasını və iki illik layihə proqramını hazırlamaq olub. Prezident həmçinin Süni İntellekt Texnologiyaları Mərkəzinin yaradılması barədə göstəriş verib.
4 universitetdə süni intellekt sahəsi üzrə kadrlar hazırlanır. Hazırda böyük verilənlərin (big data) emalı və dil modelləri üzrə 600 mütəxəssisə ehtiyac var. Növbəti illərdə bu sahədə mütəxəssislərin sayının artırılması nəzərdə tutulur.
2023-cü ildə ölkədə perspektivli startaplara investisiyaların həcmi 134 milyon dollar təşkil edib. Cari il ərzində rəqəmsal xidmətlərin həcmi 21 trilyon sum, İT xidmətlərinin ixracı 367 milyon dollar təşkil edib.