Belarusun sabiq mədəniyyət naziri Pavel Latuşko Ermənistanın baş naziri Nikol Paşinyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı addımlarını dəstəkləyib.
Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Latuşko bu barədə X-də paylaşım edib.
O yazıb ki, Paşinyanın qərarı doğru və anlaşılandır: "Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-də iştirakını dayandırmaq qərarı tamamilə düzgün və başadüşüləndir".
Eks-nazir həmçinin İrəvanın tez-tez təkrarladığı tezislə həmfikir olduğunu nümayiş etdirib və paylaşımında qeyd edib ki, "təşkilat Ermənistan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyib".
O, Belarus prezidenti Aleksandr Lukaşenkonu da tənqid edib.
"Lukaşenkonun erməni xalqına qarşı davamlı təhqirləri tamamilə qəbuledilməzdir", - Latuşko belə yazıb.
Xatırladaq ki, o, 2009-2012-ci illərdə Belarusun mədəniyyət naziri olub, daha sonra müxalifətə keçib. Latuşko 2020-ci ildə seçkisonrası etiraz hərəkatını dəstəkləyib. 2023-cü ilin martında barəsində qiyabi olaraq 18 illik həbs cəzası çıxarılıb.