Ermənistan Azərbaycanla tezliklə sülh müqaviləsi imzalamağa hazırdır.
Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 16-da səhər saatlarında Fransanın xarici işlər naziri Stefan Sejurne ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, o, fransalı həmkarı ilə regional sabitlik məsələlərini müzakirə edib və Ermənistanın sülh gündəminə sadiqliyini təsdiqləyib.
“Biz sülh sazişi layihəsinin mətninin tam razılaşdırıldığı son nəşrini təhvil vermişik”, - Mirzoyan xatırladıb və regionda sülhün bərqərar olmasına kömək etdiyinə görə rəsmi Parisə təşəkkür edib.
“Biz razılaşdırılmış mətni tezliklə imzalamağa hazırıq. Dövlətlərin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıyan saziş Almatı Bəyannaməsinə, SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlərə istinad edir”, - Mirzoyan qeyd edib.