Modern.az

Şoyqu Putinin Zəngəzur dəhlizinə dair mesajını Pezeşkiana çatdırdı

Şoyqu Putinin Zəngəzur dəhlizinə dair mesajını Pezeşkiana çatdırdı

Dünya

18 Sentyabr 2024, 10:53

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu dünən gözlənilmədən Tehrana səfər edib.

Modern.az xəbər verir ki, Sergey Şoyqu orada İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb və danışıqlar aparıb.

Rusiya Təhlükəsizlik Şurasından verilən məlumata görə, danışıqlarda ikitərəfli əməkdaşlığın geniş spektri və möhkəmləndirilməsi - təhlükəsizlik sahəsindən tutmuş kommersiya və iqtisadi layihələrə, eləcə də qlobal və regional təhlükəsizliyin müxtəlif aspektlərinə qədər müzakirə olunub.

“Mehr” agentliyinin məlumatına görə, Şoyqu çərşənbə axşamı Tehranda İranın Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşüb və Rusiya prezidenti Vladimir Putinin mesajını İran tərəfinə çatdırıb.

Şoyqu ilə danışıqlar zamanı İran İslam Respublikasının dəhlizlər və kommunikasiya marşrutları (o cümlədən Zəngəzur dəhlizi-red.) ilə bağlı siyasəti müzakirə edilib. Səfər zamanı iki tərəf arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Məlumata görə, Sergey Şoyqu İran prezidenti Məsud Pezeşkianla da görüşüb və Putinin mesajını ona çatdırıb.

Bildirilib ki, Şoyqu ölkəsinin prezidentinin ondan İran İslam Respublikasının yüksək vəzifəli şəxslərinə Rusiyanın regional məsələlərdə İranla əməkdaşlıqla bağlı mövqeyinin dəyişmədiyi barədə mesajı çatdırmağı xahiş etdiyini vurğulayıb: “Cənab Putin səbirsizliklə zati-aliləri Məsud Pezeşkianı Rusiyanın Kazan şəhərində keçiriləcək BRİKS sammitində gözləyir".

Ermənistan mətbuatı iddia edir ki, Sergey Şoyqu iranlı həmkarı ilə görüşdə İran İslam Respublikasının Zəngəzur dəhlizi ilə bağlı siyasətini dəstəklədiyini təsdiqləyib.

Qeyd edək ki, İran Zəngəzur dəhlizinin açılmasının əleyhinə çıxış edir və bunu özünün "qırmızı xətti" adlandırır.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir