Suriya prezidenti Bəşər Əsəd hərbi fərarilər və xırda cinayətlər törədənlər üçün ümumi amnistiya elan edib.
Modern.az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.
22 sentyabr 2024-cü il tarixindən əvvəl sadə cinayətlərdən mühakimə olunan və ya həbs olunanlar və hərbi fərarilər amnistiyadan yararlana biləcək. Xaricə qaçanlar 4 ay ərzində, ölkə daxilindəkilər isə 3 ay ərzində təslim olmadıqca amnistiyadan yararlana bilməyəcəklər.
Amnistiya ictimai təhlükəsizliyə və dövlət təhlükəsizliyinə təsir edən ağır cinayətlər, məsələn, rüşvətxorluq, saxtakarlığın müəyyən formaları, korrupsiya və oğurluğun müəyyən növləri istisna olmaqla, yüngül cinayətlərə və qanun pozuntularına da şamil ediləcək.
İmtahanlarda saxtakarlıq, qanunsuz valyuta əməliyyatları, digər maliyyə cinayətləri və meşə torpaqlarına qarşı qanun pozuntuları törədənlər qərarın təsir dairəsindən kənarda qalıb. Şəxsin əmlakına qəsdlə bağlı işlərdə amnistiya həm də zərərçəkmiş şəxsinhüquqlarına xələl gətirmədən zərərin ödənilməsini tələb edir.
2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan bəri Əsəd ən azı 20 dəfə ümumi amnistiya elan edib. Sonuncu amnistiya qərarı 2022-ci ilin yanvarında verilib.