Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlunun Ali Seçki Komissiyasının (YSK) üzvlərini “axmaq” adlandırdığı iddiası ilə mühakimə olunduğu iş son günlər Türkiyə ictimaiyyətinin diqqət mərkəzindədir. kimi tanınır. Yuxarı instansiya məhkəməsi artıq çıxarılmış 2 il 7 ay 15 gün həbs və siyasi qadağa hökmünü ləğv edə və ya təsdiq edə bilər.
Modern.az xatırladır ki, Türkiyənin sabiq daxili işlər naziri Süleyman Soylu və İstanbul meri arasında “axmaq” polemikası 2019-cu ilin noyabrından başlayıb.
Soylu Strasburqda təmasları olan İmamoğlunun adını çəkmədən demişdi: “Mən bunu Avropaya gedib şikayət edən axmağa deyirəm. Bu millət sizə bunun əvəzini ödətəcək”.
İmamoğlunun cavabı isə “31 mart seçkisini ləğv edənlər axmaqdır” şəklində olmuşdu.
Belə ki, İmamoğlu 31 mart 2019-cu ildə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçilib. 17 gün ərzində davam edən nəticələrin araşdırılması və şikayətlərə baxıldıqdan sonra sədrlik şəhadətnaməsini alıb və aprelin 17-də vəzifəsinin icrasına başlayıb. Lakin YSK bundan sonra seçkilərin təkrarlanmasına qərar verib. İyunun 23-də İstanbul üçün ayrıca bələdiyyə seçkiləri keçirilib və İmamoğlu yenidən mer seçilib.
İmamoğlu 30 oktyabr 2019-cu il tarixində Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində YSK-nı tənqid edən çıxış edib. Soylunun yuxarıda bəhs olunan çıxışı bundan sonraya təsadüf edib.
İmamoğlunun Soyluya cavabında ilk seçkinin nəticələrini ləğv edənləri "axmaq" adlandırması isə YSK tərəfindən birmənalı qarşılanmayıb. Qurum İstanbul merinə qarşı iddia qaldırıb. İddiada İmamoğlunun YSK üzvlərini təhqir etdiyi bildirilib. Prokuror 4 il 1 ay həbs və siyasi qadağa istəyib. İmamoğlu "axmaq işi" ilə bağlı qərar açıqlanmadan tərəfdarlarını İstanbulun Saraçhane bölgəsinə mitinqə çağırıb.
İş üzrə qərar iclası 2022-ci il dekabrın 14-də olub. Məhkəmə İmamoğlu ilə bağlı 2 il 7 ay 15 gün həbs və siyasətlə məşğul olmaq qadağasına hökm edib. İmamoğlu müdafiə çıxışı edərək bəyan edib ki, problemin əsası daxili işlər nazirinin ona qarşı ifadələrində “axmaq” sözünü işlətməsidir: "Cavabım buna əsaslanıb. Söz daxili işlər nazirinə ünvanlanıb".
“İstifadə etdiyim sözün ünvanı daxili işlər nazirinin özüdür. O vaxt “seçkiləri ləğv edənlər” ifadəsini işlətməyimin səbəbi siyasi iradə ilə bağlı idi. Mən heç vaxt YSK-ya və ya onun üzvlərinə ünvanlanan belə bir bəyanatla çıxış etməmişəm”, - deyə o bildirib.
Artıq qeyd olunduğu kimi, yuxarı instansiya məhkəməsi qərarı qüvvədə saxlayarsa, hökm icraya yönəldilə bilər. Yəni İmamoğlunu həbs və siyasi fəaliyyət qadağası gözləməsi ehtimalı hələlik realdır. Müxalifətin, İmamoğlunun da üzvü olduğu Cümhuriyyət Xalq Partiyasının (CHP) bu halda hansı addımı atacağı da qardaş ölkədə əsas müzakirə mövzularındandır. Artıq partiya mümkün ssenarilərin müzakirəsi üçün toplantı qərarı verib...